Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün hazırlanan “Sehrli Yeni il” nağıl tamaşasının premyerası keçirilib.

Bayram əhvali-ruhiyyəsini əks etdirən səhnə əsəri maraqlı süjeti və canlı obrazları ilə balaca tamaşaçıların marağına səbəb olub. Səhnədə yaradılan nağıl dünyası, musiqi tərtibatı və aktyor oyunu onlara xoş ovqat yaşadıb.

Tamaşanın müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur. Quruluşçu rəssam Fuad Babazadə, rəssam Sevən Həsənli, musiqi tərtibatçısı Vüqar Fərəcovdur.

İki heyətlə hazırlanan tamaşada Şaxta Babanı Allahverən Babayev və Elçin Hacıyev, Qar Qızı Günel Bağırova və Aysel Babazadə oynayırlar. Böyük cırtdan rollarında Teymur Hacızadə və Emil Rzayev, Ortancıl cırtdan obrazında Elvin Məmmədov və Saleh Əzimzadə, Balaca cırtdan rolunda isə Cəfər Səlimov çıxış edir. Yaşlı Befyan obrazını Təranə Fərəcova və Məleykə Cəfərova, Sarı Befyan rolunu Nuranə Nəcəfova və Gülər Kərimova, Qara Befyan obrazını isə Şəbnəm Hüseynova və Ayşən Əsədova ifa edirlər. Əjdaha rolunda Rauf Zeynalov, Karlson obrazında isə Elçin Hacıyev səhnəyə çıxır.

“Sehrli Yeni il” nağıl tamaşası bayram günlərində də nümayiş etdiriləcək.