Xalq yazıçısı, dramaturq Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə dekabrın 19-da Qax rayon Heydər Əliyev Mərkəzində (Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi) tədbir keçirilib.
Səməd Vurğun adına rayon Mədəniyyət Mərkəzi ilə birgə dəyirmi masa formatında təşkil edilən tədbirdə Maqsud İbrahimbəyovun yaradıcılıq irsindən, Azərbaycan dramaturgiyası və nəsrinə verdiyi töhfələrdən bəhs edilib.
Çıxışlarda ədibin əsərlərinin mövzu və ideya xüsusiyyətlərindən, insan taleyi, mənəvi-əxlaqi problemlər, cəmiyyət və şəxsiyyət münasibətləri kimi aktual məsələlərin onun yaradıcılığında tutduğu yerdən söz açılıb. Yazıçının əsərlərinin teatr və kino sənətində uğurla səhnələşdirilməsi, bu əsərlərin zamanın sınağından çıxaraq bu gün də aktuallığını qoruması vurğulanıb.
Maqsud İbrahimbəyovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Bu kimi tədbirlərin keçirilməsinin görkəmli ədəbiyyat, mədəniyyət xadimlərinin irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyəti qeyd edilib.





















