Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi münasibətilə dekabrın 18-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi sessiya keçirilib.
Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkil etdiyi tədbirdən əvvəl görkəmli yazıçının həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli giriş sözündə elmi sessiyanın “Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən keçirildiyini bildirib.
Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından biri, Səməd Vurğun ocağının davamçılarından olan Yusif Səmədoğlunun yaradıcılığı barədə danışan İsa Həbibbəyli bildirib ki, dərin ictimai-mənəvi məzmunlu əsərləri, hekayə və romanları ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri var. Yusif Səmədoğlunun dərin məzmunlu hekayələri Azərbaycan ədəbiyyatının nadir nümunələri sayılmağa layiqdir.
Akademik İsa Həbibbəyli Yusif Səmədoğlunun yaradıcılığında “Qətl günü” romanının xüsusi yer tutduğunu deyib. Qeyd edib ki, Azərbaycan bədii nəsrində magik realizm istiqamətli əsərləri sadalayarkən Yusif Səmədoğlunun “Qətl günü” və “Deyilənlər gəldi başa” romanları ağla gələn ilk sərlövhələrdəndir. Yazıçının yaradıcılığında folklor, mif, tənhalıq və buna bənzər magik realizmlə bağlı məsələlər ön planda dayanır.
AMEA rəhbəri çıxışında Yusif Səmədoğlunu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan biri kimi xarakterizə edib, onun müstəqillik uğrunda mübarizədə vətəndaş-ziyalı mövqeyi ilə seçildiyini diqqətə çatdırıb.
AYB-nin sədri Xalq yazıçısı Anar görkəmli ədibin yaradıcılığının bəzi məqamlarından bəhs edib. Vurğulayıb ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu böyük bir nəsli təmsil edən istedadlı insan olub, həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durub, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşayıb.
Yusif Səmədoğlunun “Qətl günü” romanını Azərbaycan ədəbiyyatının şah əsəri kimi dəyərləndirən Anar yazıçı ilə birgə səfərlərindən, dostluq münasibətlərindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb.
Sonra şair-publisist Azad Yaşar “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin “Yusif Səmədoğlu şəxsiyyəti xatirələr işığında” adlı məruzəsini təqdim edib.
Elmi sessiyada filologiya elmləri doktoru Vaqif Yusiflinin “Qətl günü”ndən əvvəl – hekayələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının “Azərbaycan romanının təkamül prosesində “Qətl günü” əsərinin rolu”, filologiya elmləri doktoru Cavanşir Yusiflinin “Yusif Səmədoğlu mətninin poetikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Gündəliklərdən görünən Yusif Səmədoğlu” və filologiya üzrə fəlsəfə doktoru Südabə Ağabalayevanın “Yusif Səmədoğlu yaradıcılığı milli yaddaş kontekstində” adlı məruzələri dinlənilib.
Filologiya elmləri doktoru Bahar Bərdəli yazıçı ilə bağlı xatirələrini bölüşüb.






















