Tarixdəki olaylar

 

18 dekabr 1997 – Prezident Heydər Əliyev “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.

 

18 dekabr 2014 – Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi (2018-ci ildən Mədəniyyət Nazirliyi) yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

18 dekabr 1921 – SSRİ Xalq artisti, aktyor, sirk ustası Yuri Vladimiroviç Nikulin (1921 – 21.8.1997) anadan olub.

 

18 dekabr 1928 – Tanınmış xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 – 11.6.1987) Salyan rayonunda doğulub. Muğam və xalq mahnılarının bənzərsiz ifaçısı olub, opera tamaşalarında Məcnun (Ü.Hacıbəyli – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”) və s. rollarda çıxış edib.

 

18 dekabr 1930 – Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı (1930 – 16.1.2014) Beyləqan rayonunun Şahsevən kəndində anadan olub.

 

18 dekabr 1948 – Yazıçı Rahim Həmdulla oğlu Dünyamalı (1948 – 9.9.1995) Quba rayonunun Zizik kəndində anadan olub. “Bir gecənin bəyazlığı”, “Torpaqdan güc alanda”, “Tərsinə addımlayan kölgələr” və s. əsərlərin müəllifidir. 

 

18 dekabr 1954 – Tanınmış teatrşünas, rejissor Şaiq Cabir oğlu Səfərov (1954 – 27.1.2022) Bakıda anadan olub.

 

18 dekabr 1957 – Yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Əyyub Cəbrayıl oğlu Abbasov (1905–1957) vəfat edib. “Zəngəzur” romanı, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir.

 Hazırladı: Vüqar Orxan