Xalq şairi Fikrət Qocanın (1935–2021) 90 illiyi münasibətilə dekabrın 15-də Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən rayon Tarix-Diyarşünaslıq Muzeyində (Qazax-Tovuz regional Mədəniyyət İdarəsi) tədbir keçirilib.
“Bütün zamanların şairi” adlı tədbirdə kitabxananın əməkdaşları Nərgiz Rzayeva və Nailə Budaqova Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş şairin zəngin yaradıcılığından söz açıblar.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti Xalq şairi Fikrət Qocanın 90 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi, Fikrət Qoca novator şair kimi fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirib. Onun yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları dolğun poetik əksini tapıb. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini verib.
Tədbirdə məktəblilər şairin şeirlərini söyləyiblər.
Fikrət Qocanın həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş olunub, kitablarından ibarət sərgiyə baxış keçirilib.






















