Dekabrın 15-də İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində tanınmış müğənni, Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayevanın “Külək” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib.
Tədbirdə klipin ssenari müəllifi və rejissoru Teymur Əzizli çıxış edərək Sahibə Abdullayevanın həyat və yaradıcılığından, klipin ərsəyə gəlməsindən danışıb.
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Şəhriyar Soltan, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və digər qonaqlar müğənnini təbrik edərək yeni yaradıcılıq uğurları arzulayıblar.
Qeyd olunub ki, Dağlıq Şirvan RMİ-nin tabeliyindəki İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Niyal" instrumental ansamblının solisti olan Sahibə Abdullayeva sənəti və səsi ilə sevilən sənətçidir. O, "Niyal" ansamblı ilə bir çox tədbirlərdə, televiziya proqramlarında çıxış edərək tamaşaçı rəğbəti qazanıb. İctimai-mədəni həyatda səmərəli fəaliyyətinə görə 2021-ci ildə ölkə başçısının müvafiq sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Sənətçi həmçinin “Tərəqqi” medalı ilə təltif olunub.
Sonda Sahibə Abdullayeva klipin hazırlanmasında əməyi keçən bütün əməkdaşlara, rayon rəhbərliyinə və gələn qonaqlara təşəkkürünü bildirib.























