Dekabrın 16-da Qəbələ rayon Mədəniyyət Mərkəzində XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə “Rəssamlığın Mirzə Qədim İrəvani zirvəsi” adlı tədbir keçirilib.

Bu barədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Mədəniyyət Mərkəzinin və Qəbələ Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəssamın yaradıcılığından bəhs edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan incəsənətinin inkişafına töhfələr vermiş görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il fevralın 14-də Sərəncam imzalayıb.

Çıxışlarda vurğulanıb ki, Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış  sənətkardır. O, yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. Rəssamın əsərlər hazırda Azərbaycan və dünya muzeylərində sərgilənir.

Tədbirin sonunda Mirzə Qədim İrəvaninin yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.