Dekabrın 9-da Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılış mərasimi keçirilib.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Mərasimdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, İstanbul valisinin müavini Mehmet Sülün, İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Turizm Bürosu idarə heyətinin sədri Florian Zenqstşmid, iki ölkənin turizm sənayesi təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Turizm Bürosunun nümayəndəliyi ikitərəfli münasibətlərin sistemli və səmərəli şəkildə davam etdirilməsi üçün mühüm platforma rolunu oynayacaq, Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasına töhfə verəcək.
O, türkiyəli ziyarətçilərin Azərbaycana marağının getdikcə artdığını və son 5 ildə ölkəmizə gələn xarici turistlər arasında türkiyəli ziyarətçilərin ikinci yeri tutduğunu qeyd edib.
Mədəni proqramla davam edən tədbir çərçivəsində hər iki ölkənin turizm sənayesi nümayəndələri arasında turizm sahəsində regional əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2025-ci ilin 11 ayı ərzində Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 416 mindən çox olub ki, bu da 2024-cü illə müqayisədə 7 faiz artım deməkdir.
***
İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəliyinin açılması əlamətdar hadisədir. Bu ofis bütün Türkiyə üzrə fəaliyyət göstərəcək. Əsas məqsədimiz dövlət qurumları və biznes sahəsində əlaqələrimizi genişlətmək, Türkiyədə olan tərəfdaşlarla Azərbaycan turizminin inkişafına daha çox töhfə verməkdir.
Bu fikirləri mediaya açıqlamasında DTA sədrinin müşaviri Kənan Quluzadə deyib.
Türkiyə bazarının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını qeyd edən K. Quluzadə bildirib ki, ölkəmizə gələn turistlər arasında Türkiyə vətəndaşları say baxımından ikinci sıradadır. Bu ilin 11 ayı ərzində Azərbaycana 416 mindən çox Türkiyə vətəndaşı səyahət edib ki, bu da ötən il ilə müqayisədə 7 faiz çoxdur: “Təbii ki, Azərbaycan vətəndaşları da çox aktiv şəkildə Türkiyəyə səyahət edirlər. Son doqquz ay ərzində təxminən 800 mindən çox Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib. Ölkələrimiz arasında “Azərbaycan Hava Yolları” və üç Türkiyə aviaşirkəti tərəfindən on ay ərzində 5 min 300-dən çox reys həyata keçirilib. Bu uçuşlarla qarşılıqlı olaraq 1 milyon 600 nəfər səyahət edib.
Bizim əsas məqsədimiz Azərbaycanın turizm imkanlarını, yəni qastronomiya, mədəniyyət, səhiyyə, qış və yay turizmləri də daxil olmaqla bu sahə üzrə bütün imkanlarımızı nümayəndəlik vasitəsilə Türkiyə vətəndaşlarına, buradakı tərəfdaşlarımıza daha yaxından çatdırmaqdır ki, qardaş ölkədən olan turistlər də gəlib Azərbaycanın gözəlliyini, Vətənimizin turizm imkanlarını daha yaxından görsünlər”, - deyə o bildirib.
























