Məlum olduğu kimi, bu il Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında türk dövlətlərinin ortaq müraciəti əsasında təşkilat 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edilib.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən “Dünya Türk Dili Ailəsi Günü” adlı virtual sərgi istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin gücləndirilməsi istiqamətində söylədiyi fikirlər, Birinci Türkoloji Qurultayın 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamların tam mətni təqdim edilir. “Azərbaycanşünaslıqdan türkşünaslığa”, “Avropada türkologiya”, “Türk ədəbi dillərinin birliyinə doğru”, “Türk düşüncəsi və türkçülük tarixi haqqında” və s. 20-dən çox kitab, həmçinin mövzu üzrə dövrü mətbuat nümunələrinin tam mətni da sərgidə təqdim edilir.

"Dünya Türk Dili Ailəsi Günü” virtual sərgisi kitabxananın saytında yerləşdirilib.

***

Gənclər Kitabxanasının istifadəçilərə təqdim etdiyi videomaterial isə Azərbaycanın korifey sənətkarı, SSRİ Xalq artisti Rəşid Behbudovun 110 illiyinə həsr olunub.

“Bir ömürlük alqış” adlı videomaterialda sənətkarın bənzərsiz ifasında xalq yaradıcılığını, vokal sənətini, estrada janrını böyük məharətlə uyğunlaşdırdığı, bir sıra ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin tanınmasında əvəzsiz xidmətlərinin olduğu qeyd edilib.

Kitabxana əməkdaşlarının hazırladığı materialda Rəşid Behbudovun səs yazıları, ifaları səsləndirilib, ona dünya şöhrəti qazandıran “Arşın mal alan” filmindən fraqmentlər də yer alıb.

Videomaterial kitabxananın saytında müvafiq linkdə yerləşdirilib.