Mədəniyyət üzrə Azərbaycan-Özbəkistan Birgə Komissiyasının ilk iclası dekabrın 15-də Milli Kitabxanada keçirilib. İclas ölkəmizdə davam edən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində təşkil olunub.
Azərbaycan tərəfdən mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Özbəkistan tərəfdən isə mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədovun iştirak etdiyi iclasda mədəni əlaqələrin dərinləşdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.
Özbəkistan nümayəndə heyətini salamlayan Fərid Cəfərov birgə komissiyanın iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Qeyd olunub ki, həm nazirliklər arasında həyata keçirilən ikitərəfli fəaliyyət və birgə təşəbbüslər, həm də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin reallaşdırdığı çoxsaylı tədbir və layihələr nəticəsində mədəni əməkdaşlıq son illər daha da genişlənib. “Əlaqələrimizin inkişafı dövlət başçılarımız şəxsi münasibətləri və yüksək səviyyəli siyasi iradəsi ilə dəstəklənir. Nazirliklərimiz arasında yeni imzalanmış “2026–2027-ci illər üzrə regionlararası mədəni əməkdaşlığa dair Yol Xəritəsi” əlaqələrimizin daha sistemli, məqsədyönlü və davamlı inkişafı üçün möhkəm baza formalaşdırır”, – deyə nazir müavini əlavə edib.
Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov çıxışında mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Qeyd edib ki, Özbəkistan ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla davam etdirilməsi, həm ikitərəfli, həm də beynəlxalq platformalar çərçivəsində möhkəmlənməsi qardaş xalqlarımızın sarsılmaz tarixi, mədəni və mənəvi bağlarının təzahürüdür. Bu əməkdaşlıq iki ölkənin milli dəyərlərinin mühafizəsi ilə yanaşı, türk-islam sivilizasiyasının dünya miqyasında təbliği işinə də böyük töhfə verir. Ölkələrimiz mədəni irsin qorunması, təbliği və mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində bir sıra nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir.
Sonra Azərbaycan və Özbəkistan tərəfdən müvafiq sahələr üzrə nümayəndələrin çıxışları dinlənilib.
Çıxışlarda birgə komissiyanın əhəmiyyəti vurğulanıb, bu formatın gələcək əməkdaşlığın inkişafında xüsusi rol oynayacağı diqqətə çatdırılıb.
Sonda “Mədəniyyət üzrə Azərbaycan-Özbəkistan Birgə Komissiyasının 1-ci iclasının Protokolu” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Kompleks Tədbirlər Planı” təsdiq olunub.
Protokolda teatr, incəsənət təhsili, maddi və qeyri-maddi mədəni irsin qorunması, mədəniyyət və yaradıcı sənayelər, kinematoqrafiya və digər sahələrdə əməkdaşlıq məsələləri əksini tapıb. Sənəddə birgə komissiyanın növbəti iclasının 2026-cı ildə Özbəkistanda keçiriləcəyi qeyd edilib.
























