BMT bu il ilk dəfə 15 dekabr – Dünya Türk Dili Ailəsi Gününü qeyd edir.

Bununla bağlı təşkilatın saytında yayılan məlumatda bildirilir.

Məlumatda diqqətə çatdırılır ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Baş Konfransının bu il Səmərqənddə keçirilən 43-cü sessiyasında (30 oktyabr – 13 noyabr) qəbul olunan qərarla 15 dekabr Dünya Türk Dili Ailəsi Günü elan edilib. Qeyd olunur ki, bu gün türkdilli xalqların ortaq dil və mədəni irsini vurğulayır və UNESCO-nun çoxdilliliyə və mədəni müxtəlifliyə daha geniş öhdəliyini gücləndirir.

Məlumata əsasən, 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü seçilməsi dilçilik elminin əlamətdar bir tarixinə əsaslanır. 1893-cü ildə həmin gün danimarkalı dilçi Vilhelm Tomsen türk dil ailəsinin ən qədim yazılı abidələrindən olan Orxon-Yenisey əlifbasını oxumağa müvəffəq olduğunu elan edib.

***

Xatırladaq ki, əlamətdar tarixin beynəlxalq gün elan edilməsi haqqında qərar Türk Dövlətləri Təşkilatının üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın UNESCO-ya birgə müraciətindən sonra qəbul olunub.

Qardaş türk dilləri ailəsi Avrasiya coğrafiyasında və ümumilikdə dünyada 200 milyondan çox insanı əhatə edir.

Türk Dövlətləri Təşkilatı ilk dəfə qeyd olunan 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü münasibətilə "güc birlikdədir" atalar sözünü diqqətə çatdıran paylaşım edib.

Vüqar Orxan