Tarixdəki olaylar
13 dekabr 1922 – Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən sovetlər qurultayında Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub. Federasiyanın Tiflisdə yerləşəcək rəhbər orqanı – Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsinə Nəriman Nərimanov seçilib. ZSFSR-in yaranması ilə Azərbaycan SSR formal müstəqillikdən də məhrum oldu. “Zaqfederasiya” 1936-cı ilədək mövcud oldu və həmin il üç respublika SSRİ-nin müttəfiq subyektinə çevrildi.
13 dekabr 1991 – Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyinin tanıyıb. Bu, Azərbaycanın müstəqilliyini tanıyan üçüncü (Türkiyə və Rumıniyadan sonra) dövlət idi. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da quruldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
13 dekabr 1720 – İtalyan dramaturqu, nağıl-pyeslərin müəllifi Karlo Qotsi (Carlo Gozzi; 1720 – 4.4.1806) anadan olub.
13 dekabr 1797 – Yəhudi əsilli alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine; 1797 – 17.2.1856) anadan olub. Əsərləri: “Nəğmələr kitabı” (poeziya), ”Hars dağına səyahət” (nəsr) və s. Məşhur bəstəkarlar (F.Şubert, R.Şuman, P.Çaykovski) Heynenin şeirlərinə musiqi yazıb.
13 dekabr 1929 – Şərqşünas alim, professor Saleh Əliyev (1929 – 21.11.2006) Gəncədə doğulub. Rusiya EA-nın Şərqşünaslıq İnstitutunda çalışıb. Moskvada “Ocaq” Mədəniyyət Cəmiyyətinin rəhbəri olub.
13 dekabr 1937 – Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov (1937-2018) Bakıda doğulub. Azərbaycan Memarlar İttifaqının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.
13 dekabr 1949 – Türk kinoaktyoru, yazar Tarık Akan (Tarık Tahsin Üregül; 1949 – 16.9.2016) anadan olub.
Hazırladı: Vüqar Orxan





















