Dekabrın 12-də Azərbaycan Milli Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi siyasətçi və böyük şəxsiyyət Heydər Əliyevin Vətən qarşısında tarixi xidmətlərindən və ölkəmizə layiqincə rəhbərlik etməsindən danışıb. Ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına da xüsusi diqqət və qayğısı qeyd edilib. Vurğulanıb ki, müstəqil Azərbaycan dövləti yaşadıqca xalqımız Ulu öndərin ideyalarına sadiq qalacaq, ona minnətdar olacaq, onun əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaq.

Tədbirin davamında “12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü” adlı virtual sərginin təqdimatı olub.

Sonra “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti Heydər Əliyev” mövzusunda ənənəvi sərgiyə baxış keçirilib.

Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur.