Səməd Vurğunun Bakıdakı ev-muzeyinin fəaliyyətə başlamasının 50 illiyi qeyd edilib.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, yarım əsr ərzində muzey mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm missiya yerinə yetirərək, maarifləndirici sahədə əhəmiyyətli nailiyyətlər qazanıb.

Tədbirdə əvvəlcə muzeyin ötən 50 ildə keçdiyi yola nəzər salınıb. Ümummilli Lider Heydər Əliyevin muzeyə ziyarətlərini əks etdirən videoçarx təqdim olunub.

Filologiya üzrə fəlsəfə doktoru, vurğunşünas Aslan Salmansoy, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, muzey fondunun baş mühafizi Əməkdar mədəniyyət işçisi Xanım Şadlinskaya, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva-Vəkilova, BDU-nun Filologiya fakültəsinin müəllimi Məti Osmanoğlu, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı xatirələrini bölüşüb, muzeydə keçirilən bir sıra tədbirlərdən söz açıblar.

Çıxışlarda Səməd Vurğun ocağının tanınmış şəxsiyyətləri yad edilib, ev-muzeyinin daim zəngin ədəbi-mədəni mühitə malik olduğunu vurğulanıb.

Tədbirdə şairin sözlərinə yazılmış musiqi əsərləri səsləndirilib.

Vasif Adıgözəlovun “Şair, nə tez qocaldın sən...”, Sevda İbrahimovanın “Bir diyarın eşqinə” romanslarını Əməkdar artistlər Ramil Qasımov və İlham Nəzərov ifa ediblər. Vokal ifaçıları muzeyin direktoru, tanınmış pianoçu Vurğun Vəkilov müşayiət edib. Aşıq Avdı Musayev Səməd Vurğunun “Azərbaycan” şeirini saz havası ilə səsləndirib. 

Sonda muzeyin 50 il ərzində keçirilən yubiley fotoşəkillərindən ibarət sərgyə baxış olub.