Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş virtual kitab sərgisi və “Heydər Əliyev və milli dövlətçilik” adlı daycest hazırlanıb.

Kitabxanadan bildirilib ki, hazırlanan materiallar Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə ərsəyə gətirilib.

Virtual kitab sərgisində dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, məlumatlar yer alır.  Ulu Öndərə həsr edilən dövlətçilik, gənclər siyasəti, elm, mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat, kitab, mütaliə və digər mövzularda qələmə alınan “Heydər Əliyev. Xalqa həsr olunmuş ömür”, “Ümummilli Lider: Azərbaycandan Türk dünyasına”, “Heydər Əliyev obrazı təsviri sənətdə”, “Heydər Əliyevin siyasi dilinin lüğəti” və s. kitabların tam mətni sərgilənir.

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın saytında yer alıb.

“Heydər Əliyev və milli dövlətçilik” adlı daycestdə Ulu Öndərin milli dövlətçiliyin qorunub saxlanması və inkişafı uğrunda misilsiz fəaliyyətini əks etdirən materiallar, bir sıra müəlliflərin elmi, publisistik və analitik məqalələrinin biblioqrafik təsviri və qısa xülasəsi toplanıb. 

Daycestlə kitabxananın saytında tanış olmaq olar.