Ssenarist və rejissor Nurlan Həsənlinin “Yaşıl çəmən” adlı qısametrajlı film layihəsi Avstriyada “Linz Film Talent Academy”nin ("Linz International Short Film Festival"ın nəzdində) pitçinq müsabiqəsində qalib gələrək Kann Film Festivalının marketində təqdimat haqqı qazanıb.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.
Qeyd edək ki, bundan öncə "Yaşıl çəmən” qısa film layihəsi "Linz Film Talent Academy"də inkişaf proqramına seçilmişdi.
Gənc kino mütəxəssislərini dəstəkləyən “Linz Film Talent Academy” güclü bədii baxışa malik qısa və debüt tammetrajlı film layihələrinin inkişafına töhfə vermək, onları beynəlxalq kino bazarına təqdim etmək məqsədilə yaradılıb. Proqrama seçilən iştirakçılar üçün xüsusi ustad dərsləri, mentorluq, beynəlxalq peşəkarlarla görüşlər təşkil olunur. Proqramın ən mühüm mərhələlərindən biri də Kann Film Festivalında 4 günlük rezidensiyada iştirak etmək imkanıdır. Nurlan Həsənlinin “Yaşıl çəmən” layihəsi də bu imkanı əldə edib.
Rezidensiya müddətində layihə üzərində mentorlarla fərdi və qrup sessiyaları keçiriləcək. Sonda film “Cannes Short Film Corner / Marché du Film” çərçivəsində prodüserlərə, distribütorlara və festival nümayəndələrinə təqdim olunacaq, həmçinin xüsusi pitçinq sessiyasında iştirak edəcək.
“Yaşıl çəmən” filmi Amerikaya miqrasiya etməyə çalışan bakılı turist bələdçisinin həyat yoldaşı ilə qurduğu tragikomik plandan bəhs edir. Layihənin ssenari müəllifi və rejissoru Nurlan Həsənli, prodüserləri Emil Nəcəfov, Türkan Hüseyn və Əli İsa Cabbarovdur.
Rejissorun proqramda iştirak xərclərini AKİ qarşılayıb.





















