Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq gündəliyi diqqətə çatdırıb.

Müzakirəyə çıxarılan ilk məsələ 2025-ci il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantların dissertasiya mövzusu və elmi rəhbərlərinin təsdiq olunması haqqında olub.

Rəyasət Heyətinin qərarı ilə 2025-ci il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantların dissertasiya mövzusu və elmi rəhbərləri təsdiqlənib.

Həmçinin AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində elan olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc tədqiqatçıların müsabiqəsinin nəticələri elan edilib.

Akademik İsa Həbibbəyli bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənc alimlərin yaradıcılıq potensialının üzə çıxarılması, süni intellekt və rəqəmsal texnologiyaların humanitar və ictimai elmlərə tətbiqinin təşviqi, eləcə də elmi fəaliyyətin müasir çağırışlara uyğun inkişafının təmin edilməsidir.

Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri nəticələri təqdim edib. 

Müsabiqəsinin nəticələrinə əsasən, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Ləman Rüstəmli I yeri tutub. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayev və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Röya Mirzəbəyova II yeri, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Cahandar Cabarov, AMEA-nın Gəncə Bölməsinin əməkdaşı İlahə Əsədzadə və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı Rüzgar Camal III yeri tutublar. 

Rəyasət Heyətinin qərarı ilə müsabiqə qalibləri pul mükafatı və diplomla təltif ediliblər. Daha 13 nəfər həvəsləndirici mükafata layiq görülüb.

İclasda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin bazasında Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin yaradılması, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 illik yubileyi haqqında qərarlar qəbul edilib.

Qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, professor İlham Məmmədzadə, filologiya elmləri doktoru Hikmət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.