Tarixdəki olaylar
11 dekabr 1988 – Ermənistandakı zəlzələdən (7 dekabr) sonra ora Azərbaycandan yardım aparan “İl-76” təyyarəsi qəzaya uğrayıb. Leninakan (Gümrü) hava limanında dispetçerlər tərəfindən yanlış istiqamətləndirilən təyyarə dağa dəyərək partlayıb, 63 nəfər xilasedici (ehtiyatda olan hərbçi) və 9 ekipaj üzvü həlak olub. Bir nəfər xilas olsa da, ağır yaralanmışdı.
11 dekabr 1991 – Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələr 1992-ci il iyunun 21-də quruldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
11 dekabr 1890 – Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel; 1890 – 24.6.1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.
11 dekabr 1913 – Fransız aktyoru Jan Mare (Jan Alfred Villen-Mare; 1913 – 8.11.1998) anadan olub. “Bəyaz gecələr”, “Qraf Monte-Kristo”, “Parisin sirləri”, “Dəmir maska” və s. filmlərdə yaddaqalan rollar yaradıb.
11 dekabr 1918 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (1918 – 3.8.2008) anadan olub.
11 dekabr 1918 – Azərbaycanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı Bayram Salman oğlu Bayramov (1918 – 9.11.1994) Ağdam rayonunun Şıxavənd kəndində anadan olub. “Yarpaqlar”, “Arakəsmələr”, “Karvan yolu”, “Tək palıdın kölgəsi” və s. romanların müəllifidir.
11 dekabr 1933 – Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (17.5.1870 – 1933) vəfat edib. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu” və s. pyeslərin müəllifidir. Teatr tamaşalarına quruluş verib. BDU-da dərs deyib.
11 dekabr 1972 – Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (26.11.1928 – 1972) vəfat edib. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan























