“İncəsənət insanın daxili aləmini saflaşdırır, onu daha nəcib, daha yüksək ideallara səsləyir”
Ümummilli lider Heydər Əliyev
Azərbaycanın dövlətçilik fəlsəfəsində və milli inkişaf strategiyasında incəsənət, mədəniyyət və yaradıcı düşüncə hər zaman xüsusi yer tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı bu mədəni-siyasi xətt bu gün ölkəmizin təhsil müəssisələrində, o cümlədən xüsusi istedadların yetişdirildiyi məktəblərdə uğurla davam etdirilir. Yaradıcı sahələr üzrə fəaliyyət göstərən məktəblər, liseylər uşaqların erkən yaşdan istedadlarının aşkarlanmasına, onların dünyagörüşünün formalaşmasına və milli-mənəvi dəyərlərin dərk edilməsinə geniş imkan yaradır.
Təhsil ocaqlarında təsviri incəsənət fənninin tədrisi böyük əhəmiyyət daşıyır. Bu dərs uşaqların xəyali dünyasını zənginləşdirir. Onların məntiqi təfəkkürünü, emosional düşüncə qabiliyyətini, müşahidə bacarığını və yaradıcı hislərini inkişaf etdirib, estetik zövqünü formalaşdırır. Rənglərlə, forma və xətlərlə işləməyi öyrənən şagird daha diqqətli, daha həssas, daha geniş düşüncəyə malik olur. Təsviri incəsənət eyni zamanda uşaqlara səbr, ardıcıllıq, intizam və öz düşüncələrini vizual dildə ifadə etmək bacarığı verir. Bu bacarıqlar onların gələcək ixtisasından asılı olmayaraq həyatlarının bütün mərhələlərində əhəmiyyət daşıyır.
Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc İstedadlar” liseyi təhsil səviyyəsi və beynəlxalq olimpiadalarda qazanılan medallarla yox, həm də şagirdlərin yaradıcı potensialının üzə çıxarılmasına verdiyi önəm ilə tanınan təhsil ocaqlarından biridir. Burada təhsil alan uşaqlar həm intellektual sahədə, həm də müxtəlif sahələrə aid xüsusi bacarıqlarına görə güclü potensiala malikdirlər. Onların araşdırma həvəsi, tez mənimsəmə qabiliyyəti liseyi sözün əsl mənasında “müasir istedadlar akademiyasına” çevirir.
Liseyin təsviri incəsənət müəllimi Təranə Əhmədova bu uğurların formalaşması yolunda şagirdləri üçün əlindən gələni edir. O yalnız fənn tədris etmir, eyni zamanda şagirdlərdə incəsənətə sevgi yaradır, onların duyğularını kətana köçürmək bacarığını inkişaf etdirir. Onun təşkil etdiyi dərsdənkənar tədbirlər, sənətkarlarla görüşlər, muzey gəzintiləri şagirdlərin dünyagörüşünü daha da artırır və onları yaradıcı düşüncəyə təşviq edir.
Məhz bu məqsədlə təşkil olunan tədbirlərdən biri Xalq rəssamı, professor Arif Hüseynovun emalatxanasına ekskursiya oldu.
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Arif Hüseynov milli ruhu əks etdirən obrazları, dərin ideya yükü daşıyan əsərləri ilə tanınır. Onun emalatxanası şagirdlər üçün sadəcə bir iş məkanı deyil, incəsənətin iç nəfəsini hiss edəcəkləri, əsərlərin doğulduğu atmosferi görəcəkləri canlı bir yaradıcılıq məkanıdır. Şagirdlər emalatxananın hər guşəsinə maraqla baxaraq rəssamın iş prosesi, istifadə etdiyi texnika, yaradıcılıq fəlsəfəsi və Azərbaycan təsviri sənətindəki mövqeyi haqqında öz dilindən məlumat aldılar.
Arif Hüseynovun emalatxanası şagirdlərin gözündə sanki kiçik bir muzeyə çevrilərək onları rənglərin, obrazların və yaradıcılıq ruhunun sehrinə qərq etdi. Şagirdlər gördükləri əsərlərin ruhunu duyaraq təsviri incəsənətin yalnız nəzəriyyədən ibarət olmadığını, onun həyatla nəfəs aldığını hiss etdilər. Uşaqların üzlərindəki maraq, gözlərindəki parıltı və rəssama ünvanladıqları suallar onların bu görüşdən qidalandıqlarını göstərirdi. Bu tədbir onların yaddaşında təkcə bir ekskursiya deyil, gələcək baxışlarına təsir edən ilham oldu, dünyagörüşlərini daha da genişləndirərək milli dəyərlərə bağlılığı möhkəmləndirdi. Bu cür görüşlər mədəniyyətimizin gələcək nəsillərə sevgi ilə ötürülməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Təranə müəllimin göstərdiyi bu təşəbbüslər bir daha sübut edir ki, uşaqlarda istedadın inkişafı təkcə sinifdə keçirilən dərslərlə deyil, eyni zamanda onları real yaradıcılıq mühitinə çıxarmaqla mümkündür. Sənətkarla canlı ünsiyyət, onun yaratdığı atmosferi hiss etmək uşaqların həm təfəkkürünü zənginləşdirir, həm də gələcək yol seçimlərinə müsbət təsir göstərir.
“Gənc İstedadlar” liseyi kimi təhsil ocaqlarında təhsil və yaradıcı potensialın vəhdətində intellektual inkişafına yönəlmiş nümunəvi fəaliyyət, uşaqlara göstərilən dəstək, yaradılan şərait və verilən stimul Azərbaycanın sabahına qoyulan qiymətli sərmayədir.
Ziyarət Cabarova Qəhrəmanova
sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi






















