Tarixdəki olaylar
10 dekabr dünyada İnsan Hüquqları Günü (Human Rights Day) kimi qeyd olunur. 1948-ci il dekabrın 10-da BMT-nin Baş Assambleyasında “İnsan hüquqları haqqında Bəyannamə” qəbul olunub. Bu, insan hüquq və azadlıqları sahəsində beynəlxalq səviyyəli ilk fundamental sənəddir.
10 dekabr 1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Qubadlı və Zəngilan rayonlarının sərhədyanı kəndlərinə hücum edib. Üç gün davam edən hücumlar nəticəsində Şayıflı, Seyidlər, Ərkənd, Bərəli, Qazançı, Günqışlaq, Pirveyisli, Canbar, Yuxarı Qayalı kəndləri işğal olunub. 1993-cü ilin avqust-oktyabrında tamamilə işğal olunan Qubadlı və Zəngilan rayonları 27 il sonra, 2020-ci ilin 44 günlük müharibəsində Azərbaycanın müzəffər Silahlı Qüvvələri tərəfindən azad edildi.
10 dekabr 1994 – Rusiyanın federal qoşun hissələri Çeçenistan ərazisinə daxil olub. Birinci Çeçenistan müharibəsi başlanıb. Rusiyanın müdafiə naziri Pavel Qraçov Kremli əmin etmişdi ki, dekabrın sonunadək bölgə tamamilə nəzarətə alınacaq. Lakin müharibə 1997-ci ilədək davam etdi. Həmin il müharibədə atəşkəs əldə edildi, Moskva Mashadov hökumətini tanıdı. Atəşkəs iki il sürdü və 1999-cu ilin sentyabrında ikinci Çeçenistan savaşı başlandı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
10 dekabr 1821 – Rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 – 8.1.1878) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Rus qadınları”, “Şaxta, Qırmızıburun”, “Kəndli uşaqları” və s. poemaların müəllifidir.
10 dekabr 1890 – Başqırd şərqşünası və türkoloqu, filosof, ictimai-siyasi xadim Əhməd Zəki Validi Toğan (1890 – 28.7.1970) anadan olub.
10 dekabr 1916 – Əməkdar artist Firuzə Xanlar qızı Bədirbəyli (1916–1992) Şəmkir rayonunun Morul kəndində doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.
10 dekabr 1918 – Xalq artisti, tanınmış opera müğənnisi Gülxar İbrahim qızı Həsənova (1918 – 30.3.2005) Şəmkir rayonunda anadan olub. Gənc Tamaşaçılar Teatrında səhnə fəaliyyətinə başlayıb. 1942–1980-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.
10 dekabr 1924 – Xalq şairi, dramaturq, Dövlət mükafatları laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 – 15.1.2007) Bakının Xırdalan qəsəbəsində doğulub. Kitabları: “İllər və sahillər”, “Ulduz karvanı”, “Ağ şimşəklər” və s. “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc” və s. pyeslərin müəllifidir. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub.
10 dekabr 1935 – Əməkdar rəssam, Dövlət mükafatı laureatı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. “Azərbaycanfilm”də kino rəssamı işləyib. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!” və s.
10 dekabr 1996 – Əməkdar incəsənət xadimi, şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927–1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.
Hazırladı: Vüqar Orxan






















