Fransanın Azərbaycandakı səfiri Sofi Laqut dekabrın 8-də Şəki şəhərinə səfəri zamanı Şəki Dövlət Dram Teatrında olub.

Şəki Dövlət Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli ilə görüşdə Fransanın Azərbaycandakı Səfirliyin mədəniyyət attaşesi Klemans Dö Lakur, ictimai məsələlər üzrə attaşe Tifen Puaru, kommunikasiya üzrə əməkdaş və tərcüməçi Qəmər Əfşani də iştirak ediblər.

Bu barədə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.

Görüş zamanı baş rejissor Mirbala Səlimli qonaqlara Şəkinin teatr tarixi haqqında söhbət açıb. Diqqətə çatdırıb ki, indiyədək teatrda fransız dramaturqu Jan Batist Molyerin 3 əsəri səhnəyə qoyulub.

Molyer yaradıcılığına verdikləri önəmə görə teatrın rəhbərliyinə təşəkkürünü bildirən səfir Sofi Laqut Şəki teatrı haqqında gözəl fikirlər eşitdiyini vurğulayıb. Səfirlik nümayəndələrinin Şəki teatrının hazırladığı bir neçə tamaşaya baxdıqlarını qeyd edən xanım səfir şəxsən özünün də teatrla yaxından tanış olmaq qərarına gəldiyini bildirib. O, gələcəkdə Şəki teatrı ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş zamanı konkret təkliflər üzərində fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar teatr binasını gəzib, tamaşaçı zalı, kiçik səhnə, məşq otaqları və foyedəki sərgi ilə tanış olublar.