Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyət Festivalında (World Culture Festival – WCF) fəxri medala layiq görülüb.

BMM-dən verilən məlumatda bildirilir ki, medal sənətkara festivalın təşkilatçısı "Pakistan (Kəraçi) İncəsənət Şurası"nın (The Arts Council of Pakistan, Karachi – ACPKHI) prezidenti Məhəmməd Əhməd Şah tərəfindən təqdim edilib. 

Dünyanın 140-dək ölkəsinin təmsil olunduğu festival 30 oktyabr – 7 dekabr 2025-ci il tarixlərində keçirilib.

Sahib Paşazadə indiyədək çoxsaylı beynəlxalq layihələrdə Azərbaycan tarını uğurla təbliğ etdiyinə görə medal və fəxri titullara layiq görülüb. Bu sırada Niaqara Beynəlxalq Musiqi Festivalında "Tarın Paqaninisi" xüsusi titulu (2008), Polşa və Azərbaycan arasında mədəni əlaqələrə verdiyi töhfəyə görə medal (2018 və 2021), Saxa-Yakutiya Respublikasının (RF) 100 illiyi münasibətilə qızıl medal (2022), Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə yaxından iştirakına görə TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən “Nizami-880” medalı və TÜRSOY təşkilatının 30 illik medalı, Fransanın "Karyer-su-Puassi şəhər" medalı (2019) və “Özbəkistanın mədəniyyət elçisi” fəxri adı və medalını (2025) qeyd etmək olar.

Tarzən dünyanın müxtəlif ölkələrində tar aləti üzrə ustad dərsləri və mühazirələr keçərək milli musiqi alətimizin dünyada geniş təbliğinə töhfələr verib. Bu fəaliyyət sayəsində Özbəkistanın bir neçə ali təhsil müəssisəsinin fəxri professoru adına layiq görülüb.