Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorunun müşaviri Sərxan Talıbzadə Çinin Şanxay şəhərində, Nyu-York Universitetin Şanxay kampusunda keçirilən beynəlxalq tədbirdə (“Optimization, Control and AI”) məruzə ilə çıxış edib.
AzMİU-dan bildirilib ki, o, aşağı resurslu dillərdə akademik mətnlərin süni intellekt vasitəsilə plagiat analizi üzrə apardığı tədqiqatın nəticələrini iştirakçılarla bölüşüb. Qeyd olunan mövzu Sərxan Talıbzadənin hazırda üzərində çalışdığı elmi-tədqiqat işinin əsas istiqamətlərindəndir.
Tədbir çərçivəsində Harvard, Prinston, Fudan, Şanxay Jiao Tonq, London Kraliça Maria universitetləri, London İmperial Kolleci kimi dünyanın aparıcı ali təhsil müəssisələrindən olan alimlərin çıxışları dinlənilib.
Sərxan Talıbzadə BMT-nin UNU-INWEH təşkilatı tərəfindən keçirilən hakatonda münsiflər heyətinin üzvü kimi də çıxış edib. O, həmçinin Stokholm Su Mükafatı laureatı, dünyaşöhrətli hidrogeoloq professor Con Çerri ilə elmi müzakirələr aparmaq imkanı qazanıb.
AzMİU nümayəndəsi Şanxay Robot Sənaye Texnologiyaları Elmi-Tədqiqat İnstitutunda elm-sənaye inteqrasiyası əsasında yaradılan innovativ həllərlə tanış olub.
Sərxan Talıbzadə bildirib ki, nüfuzlu elm adamları ilə süni intellekt texnologiyalarının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq onun üçün çox dəyərli elmi təcrübə olub.





















