Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev dekabrın 4-də Türkiyədə – Tekirdağ Namiq Kamal Universitetində tələbələr qarşısında “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib.

BSU-dan bildirilib ki, Anar Nağıyev çıxışında Azərbaycanın siyasi coğrafiyası, keçdiyi tarixi mərhələ və müasir inkişaf yolundan söz açıb. Vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin əsasını milli ideologiyanın formalaşması təşkil edir. Ulu öndər Heydər Əliyevin 1969–1982-ci illərdə milli şüurun oyanması istiqamətində gördüyü işlər, eləcə də 1993-cü ildə xalqın iradəsi ilə hakimiyyətə qayıdışı ölkəni siyasi böhrandan çıxararaq iqtisadi yüksəlişə aparıb. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordunun şücaəti ilə ölkəmizin ərazi bütövlüyünün bərpasından da söz açan Anar Nağıyev vurğulayıb ki, bu gün Azərbaycan regional siyasətdə lider aktordur. Avropa İttifaqı ilə enerji əməkdaşlığı, balanslaşdırılmış xarici siyasət, Qoşulmama Hərəkatındakı uğurlu liderlik və beynəlxalq tədbirlərə ev sahibliyi bu mövqeni daha da möhkəmləndirir. Azərbaycanın regional siyasətində Avropa, Yaxın Şərq, Türk dünyası və Asiya prioritet istiqamətlərdir.

Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikrinə istinad edən Anar Nağıyev Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik mərhələsinə yüksəldiyini xatırladıb. Vurğulayıb ki, Türk dünyası və Orta Dəhliz Azərbaycanın xarici siyasətinin strateji sütunlarındandır. Ərazi bütövlüyünün bərpası və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizə olan beynəlxalq inam və marağı daha da artırır.

Sonda tələbələrin mövzu ilə bağlı rektora ünvanladıqları suallar cavablandırılıb.