Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Filarmoniyadan bildirilib ki, konsertdən əvvəl Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti Günay Məmmədova çıxış edərək bəstəkarın milli musiqi irsimizdəki yerindən söz açıblar.
Konsert proqramında Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, eləcə də İlahə Hüseynova və Elman Əliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlər – Səbinə Əlizadə, Gülnaz İsmayılova, Talıb İsgəndərli, Şahnaz Əliyeva, Fikrət Məmmədov, Cavid Hüseynli, Ruzə İbişova, Almaz Orucova, Nuriyyə Hüseynova, Fəxri Kazım-Nicat, Leyla Dadaşova və Gülüstan Əliyeva çıxış ediblər.
Konsert Tofiq Bakıxanovun “Naxçıvan” simfoniettasının III hissəsi olan “Cəngi” ilə açılıb. Ardınca “Gözəlliklər nəğməkarı, “Arpaçay”, “Səbr eylə”, “Nurlu Naxçıvan”, “Yadıma düşdü”, “Min bir kəlam kimi” əsərlər səsləndirilib.
Tofiq Bakıxanovun da tamaşaçı zalında olduğu konsert bəstəkarın zəngin yaradıcılığının çalarlarını dinləyicilərə nümayiş etdirilib. Bəstəkarın 95 illik yubileyinə həsr edilmiş proqram onun irsinə dərin ehtiramın ifadəsi olaraq böyük coşqu ilə yekunlaşıb.


























