Rus şairi, uşaq yazarı Korney Çukovskinin “Aybolit” mənzum nağılı əsasında Azərbaycan Dövlət Kukla Teatrında tamaşa hazırlanıb.

Dekabrın 5-də premyerası olacaq birhissəli tamaşasının səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Obrazları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Elnur Abbasquliyev, Aygül Ağayeva, Elnur Xəlilov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Yasin Abbasov, Məmmədşah Təhməzov və Könül Nəsibova canlandırırlar.

Teatrın mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə, tamaşa qocaman kuklaçı, Əməkdar artist Rəhman Rəhmanovun səhnə fəaliyyətinin 55 illiyinə həsr olunub.

O qeyd edib ki, Korney Çukovskinin bir neçə əsərinin qəhrəmanı – heyvanlara kömək edən mərhəmətli "Doktor Aybolit" milyonlarla uşağın sevdiyi personajdır. Aybolit obrazı bədii və cizgi filmlərində, uşaq teatrlarında, kukla və musiqili səhnələrdə tez-tez istifadə olunub. 

"Bu mənada Azərbaycan Dövlət Kukla Teatrının cari repertuarında özünə yer edən əsərə yeni nəsil uşaqların baxış tərzinə uyğun şəkildə həll verilib. Balacalar fərqli pesronajların timsalında həm onları əhatə edən ətraf aləm barədə məlumatlanacaq, həm də dostluq, birlik və xeyirxahlıq haqqında təsəvvürlərini genişləndirəcəklər”, – deyə H.Rüstəmova əlavə edib.