Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalarda tətbiq edilən KOHA avtomatlaşdırılmış kitabxana informasiya sistemi ilə bağlı treninq məqsədilə türkiyəli mütəxəssislər Azərbaycan Milli Kitabxanasına dəvət olunublar. 

Treninqi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki xidmətlər şöbəsinin müdiri vəzifəsini icra edən İsmail Karaca, şöbənin əməkdaşı Ferhat Öztürk və İT mütəxəssisi Muhittin Enes Kale aparırlar.

Bu barədə Milli Kitabxanadan məlumat verilib.

Treninqdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, KOHA sisteminin kitabxanalarda tətbiqi artıq üç ildir həyata keçirilir və üstün cəhətləri ilə kitabxanalara əlaqəli şəkildə işləmək imkanı yaradır. Qeyd edib ki, yeni sistemə keçidlə əlaqədar hər zaman problemlər yarana bilir və Türkiyədən dəvət edilən mütəxəssislərlə təcrübi xarakter daşıyacaq treninqlərdə də məqsəd qarşıya çıxan problemlərin birgə həllidir.

Direktor 10 gün davam edəcək treninqlərə qatılan əməkdaşları mütəxəssislərin təcrübəsindən yararlanmağa dəvət edib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə avtomatlaşdırılmış sistemin nazirliyin tabeliyindəki kütləvi kitabxanalarda tətbiqindən, sistemdə iş proseslərinin inkişafından və mövcud problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, treninqlərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası,C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov, Xətai, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Xəzər, Nəsimi, Suraxanı, Nizami, Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından əməkdaşlar iştirak edirlər.