Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən orkestrlərə yeni dirijorlar təyin edilib.
Bu barədə filarmoniyadan məlumat verilib.
***
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru vəzifəsinə Əyyub Quliyev təyin olunub.
Əyyub Ramiz oğlu Quliyev 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Musiqi Akademiyasının Dirijorluq fakültəsini fərqlənmə ilə bitirib. 2005–2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə təhsil alıb. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində təhsilini davam etdirib. 2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub.
Müxtəlif ölkələrdə nüfuzlu orkestrlərlə konsertlər verən, beynəlxalq müsabiqələr laureatı olan Əyyub Quliyev 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.
***
Dahi müğənni Bülbülün nəvəsi Murtuza Bülbül Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru təyin olunub.
Murtuza Polad oğlu Bülbül 2001-ci ildə anadan olub. Musiqi təhsilinə Moskvadakı Bethoven adına Uşaq musiqi məktəbində başlayıb. 2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), sonra Moskva Konservatoriyasının Opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib. Həmçinin Vyana şəhərində Günter Neuholddan, Berlində Johannes Wilndnerdən ustad dərsləri alıb.
Murtuza Bülbülün dirijor kimi debütü 2015-ci ildə Bakıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə olub. O, Rusiya Milli Orkestri, Rusiyanın Əməkdar kollektivi olan Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri, Moskva Filarmoniyasının Akademik Simfonik Orkestri, Moskva Gənclər Kamera Orkestri və digər nüfuzlu kollektivlərlə çıxış edib. Dirijorun Almaniya, İtaliya və Qazaxıstanda qastrol səfərləri də uğurla keçib.





















