Azərbaycan Dövlət Yuğ Teatrı uzun müddətdir gözlənilən “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” adlı tamaşanın premyerası keçirib.
Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının birinci boyu əsasında qurulub və dünyada əlyazmanın orijinal dili olan oğuz ləhcəsində səhnələşdirilən ilk nümunədir.
Premyera Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində gerçəkləşib.
Tamaşaya Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov quruluş verib. Səhnə tərtibatçısı Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqraf Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Anar Mikayılovdur. Musiqi tərtibatı İffət Əskərova məxsusdur.
Tamaşada rolları (iki tərkibdə) Yuğ Teatrının aktyorları – Xalq artisti Vidadi Qasımov, Əməkdar artist Qasım Nağı və aktyorlar Amid Qasımov, Mətanət Abbaslı, Nigar Mürsəlova, Vüqar Hacıyev ifa edirlər.
Qeyd edək ki, tamaşa ilk dəfə bu ilin oktyabrında Meksikada keçirilən 35-ci Beynəlxalq “Kimera” (The Quimera International Festival of Art and Culture) İncəsənət və Mədəniyyət Festivalında uğurla nümayiş etdirilib.
Rejissor M. Mikayılov aktyorların premyera ərəfəsindəki hisslərindən və okeanın o tayındakı çıxışın onlara necə təsir göstərdiyindən danışıb: “Bu, maraqlı bir təsadüfdür ki, tamaşamızın premyerası məhz Meksikada baş tutdu. Mən bunu bir növ xeyir-dua kimi dəyərləndirirəm. Burada nəsə sehr var. Bu səfərin təsiri ilə aktyor-mediatorların plastikasında, ifasında bəzi dəyişikliklər etdik. Doğma səhnədə premyeraya hazırlaşarkən özümüzü daha da inamlı hiss edirik”.
“Əvvəldən aydın idi ki, bu tamaşa üçün geniş səhnə lazımdır. Gənc Tamaşaçılar Teatrının səhnəsi isə bizim ritual oyunumuza çox uyğundur, çünki tamaşaçıya daha yaxındır. Yeri gəlmişkən, təəccübləndirici haldır ki, bu səhnənin konfiqurasiyası Meksikadakı səhnəyə çox oxşayır. Bu da xoş bir təsadüf oldu. Lakin digər səhnə axtarışına əsas səbəb odur ki, teatrımız artıq öz binası olmadan normal şəkildə fəaliyyət göstərə bilmir. Tamaşalarımızı və layihələrimizi həyata keçirə biləcəyimiz yeni bir məkana ehtiyac var”, – deyə M. Mikayılov vurğulayıb.
Baş rejissor Yuğ Teatrının gələcək planlarından da danışıb: “Gələcəkdə bu tamaşanı digər səhnələrdə, həmçinin meydan teatrını xatırladan açıq məkanda da göstərmək istəyirik. Artıq çox yaxın zamanda “Kitabi-Dədə Qorqud’ dastanının digər epizodları üzərində də məşqlərə başlayacağıq. Onları ustadımız Vaqif İbrahimoğlunun tələbələri səhnələşdirəcəklər. Daha sonra bütün epizodları birləşdirib vahid bir tamaşa olaraq təqdim edəcəyik. Həmçinin digər beynəlxalq festivallarda iştirak planlarımız da var”.

























