Tarixdəki olaylar

 

3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub.

 

3 dekabr 1996 – ATƏT-in Lissabon (Portuqaliya) sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli barədə bəyanat qəbul olunub. Bəyanatda üç prinsip əksini tapmışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Əslində bu prinsiplər sammitin yekun sənədinə salınmışdı, lakin Ermənistan onun qəbuluna razılıq vermədi. Prezident Heydər Əliyev isə buna cavab olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Nəticədə çıxış yolu kimi həmin müddəalar ATƏT sədri, İsveçrə XİN başçısı Flavio Kottinin bəyanatı şəklində qəbul olundu.  

 

3 dekabr 2013 – UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın təqdim etdiyi nominasiya – “Çövkən, Qarabağın ənənəvi atüstü oyunu” təşkilatın “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

3 dekabr 1918 – Aktyor, rejissor, teatr təşkilatçısı Əbülfət Məmmədhəsən oğlu Vəli (1867–1918) vəfat edib.

 

3 dekabr 1920 – Şair, qəzəlxan Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 – 12.12.1999) anadan olub.

 

3 dekabr 1927 – Amerika estrada müğənnisi və aktyor Endi Vilyams (Howard Andrew Williams; 1927 – 25.9.2012) anadan olub.

 

3 dekabr 1930 – Fransız kinorejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard; 1930 – 13.9.2022) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın banilərindən biridir. Filmləri: “Kiçik əsgər”, “Motsart – həmişəlik”, “Birnəfəsə”, “Ağılsız Pyero” və s.

 

3 dekabr 1937 – Əməkdar mədəniyyət işçisi, kinoşünas Natalya Borisovna Şneyer (1937–2019) anadan olub.

 

3 dekabr 1996 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Məlik Yusif oğlu Dadaşov (7.6.1924 – 1996) vəfat edib. Akademik Dram Teatrında çalışıb. Rus Dram Teatrının direktoru (1989–1991) olub.

 

3 dekabr 2020 – Əməkdar rəssam Rafael Abbas oğlu Abbasov (28.11.1943 – 2020) vəfat edib. Portretlər, süjetli tablolar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.

Hazırladı: Vüqar Orxan