Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin iştirakı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Səninlə dünyada Bəxtiyaram mən" adlı ədəbi-musiqili proqram təqdim edilib.

Xalq artisti Mehriban Zəkinin aparıcılıq etdiyi tədbir ədəbiyyat və musiqinin həmahəngliyi ilə tamaşaçılarda xoş ovqat yaradıb.

Konsertdə Cahangir Cahangirov adına Xor (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) müxtəlif musiqi janrlarını – muğam, estrada, klassik bəstəkar yaradıcılığı və caz elementlərini özündə birləşdirən geniş repertuar təqdim edib.

Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsi şagirdlərinin çıxışı da tədbirə rəng qatıb.

Mehriban Zəkinin ifasında şairin poeziyasından nümunələr gecənin bədii xəttini daha da zənginləşdirib. Teatrallaşmış şəkildə təqdim olunan musiqi nömrələri şairin məşhur şeirləri ilə vəhdət təşkil edərək tamaşaçılara Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yerini bir daha nümayiş etdirib.

Proqramda xor və solistlərin ifasında "Biri sənsən, biri mən", "Dodaqda gəz", "Gecələr bulaq başı", "Sən güldən də gözəlsən", "Sənin vüqarın mənəm", "Bir millət, iki dövlət", "Ana torpaq" kimi əsərlər də səsləndirilib.

İfaçıları Əməkdar artist Nərgiz Əliyeva (piano), Səxavət Məmmədov (tar), Yusuf Rüstəmov (nağara), Röyal Heydərli (saz), Hüseyn Ələkbərli (balaban) və Mahir Quliyev (kamança) müşayiət edib.