AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan dövlətçiliyi klassik qaynaqlarda” adlı tədbir keçirilib.

İnstitutun direktoru akademik Teymur Kərimli giriş sözündə Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm siyasi əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu qərar həmçinin ölkəmizin öz dəyərlərinə və mirasına, keçmişin nailiyyətlərinə əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirir.

Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadənin “Əlyazmalarımız Azərbaycan tarixi haqqında”, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirlinin “Konstitusiya və suverenlik: Azərbaycan dövlətçiliyinin tarixi-hüquqi inkişafı”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimovanın “Konstitusiya, suverenlik və qadın hüquqları: hüquqi və sosial baxış”, Biblioqrafiya şöbəsinin böyük laborantı Nəsibə Murtuzayevanın ““Konstitusiya və Suverenlik İli”nin müstəqil Azərbaycan tarixindəki izi” mövzularında məruzələri dinlənilib.

Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimova və elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov məruzə ətrafında çıxışlarında ölkəmizin zəngin dövlətçilik tarixinə nəzər salıb, konstitusiya və suverenlik kimi amillərin Azərbaycanın müasir dövlət quruculuğunda rolunu vurğulayıblar.

Tədbir çərçivəsində institut kitabxanasının “2025-ci il – Konstitusiya və Suverenlik İli” ilə bağlı hazırladığı video-slayd, Əlyazmaların elmi-ekspozisiyası və təqdimi şöbəsinin mövzuya uyğun təşkil etdiyi sərgi də təqdim olunub.