Hüseyn Cavid ocağında Bəxtiyar Vahabzadənin poetik ruhu

Sənin haqqındır azadlıq, sənin eşqindir iman,

Tapınar haqqa və insanlığa haqdan doğulan. 

Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, Xalq şairi, mütəfəkkir və vətənpərvər ziyalı Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında il ərzində çoxsaylı tədbirlər keçirildi. Belə tədbirlərdən biri də bu günlərdə Hüseyn Cavidin Ev-Muzeyi ilə Bakı şəhəri Etibar Cəlilov adına 272 nömrəli orta məktəbin əməkdaşlığı ilə gerçəkləşdi.

Xalqın mənəvi dirçəlişini, milli özünüdərk prosesini və azadlıq ruhunun davamlılığını ifadə edən tədbir milli düşüncə tariximizin iki böyük şəxsiyyəti – Hüseyn Cavid və Bəxtiyar Vahabzadənin ideyalarını müasir dövrə daşıyan mənalı ədəbi görüş təəssüratı yaratdı.

Məktəbin şagirdləri hər iki ədibin poetik-fəlsəfi irsini özünəməxsus ustalıqla təqdim edərək həm onların yaradıcılığına rəğbətlərini göstərdilər, həm də bu irsin gənc nəsil üçün nə qədər canlı qaldığını sübut etdilər. Tədbirin ab-havasında Cavid ideallarının işığı və Vahabzadə ruhunun cəsarəti duyulurdu.

Proqram çərçivəsində nümayiş olunan yaradıcı səhnələr – “Gülüstan” poemasından kompozisiya, “Bakıyla Təbrizin arasındayam” şeirinin təqdimatı, eləcə də “Zamanın iki səsi” və “Əbədiyyətin söhbəti” kimi dialoqlar – şagirdlərin söylədikləri hər bir mətnə dərin bağlılığını göstərdi. Onlar Cavidin bəşəri ideyalarını və Vahabzadənin azadlıq düşüncəsini bu günün gəncliyinin baxışı ilə ifadə etdilər. Bu səhnələr həm sözün emosional gücünü, həm də məktəblilərin öz daxili dünyaları ilə qurduqları təmasın səmimiliyini ön plana çıxardı.

Tədbirin ən təsirli anlarından biri iki böyük şairin ruhən görüşünü əks etdirən bədii dialoqlar idi. Cavidin “Hərb və fəlakət”dəki fəlsəfi ağrısı ilə Vahabzadənin “Gülüstan”dakı milli dərdi bir səhnədə birləşərək tamaşaçıya dərin duyğular yaşatdı. Şagirdlər bu dialoqları elə bir enerji ilə səsləndirdilər ki, onların sözlərə yalnız mətn kimi yanaşmadıqları, hər misranı öz düşüncələrinin qatlarından süzdükləri aydın hiss olunurdu.

Bu görüş Cavid və Vahabzadənin yaratdığı mənəvi xəzinənin yeni nəsil üçün nə qədər önəmli olduğunu bir daha göstərdi. Səhnədə hər söz, obraz həm bu irsin davamlılığını, həm də gənclərin düşüncə dünyasında ədəbiyyatın xüsusi yerini təsdiqlədi. Sözün yaratdığı o işıq şagirdlərin ifasında yenidən parladı və bir daha məlum oldu ki, milli yaddaş canlı saxlandıqca gələcək nəsil də daha inamlı olacaq. Çünki köklərini unutmayan millət gələcəyə daha möhkəm və qətiyyətlə addımlayır.

Elə bu mənəvi oyanışın yaratdığı düşüncə müstəvisi bizi Bəxtiyar Vahabzadənin yaradıcılığına, sözün, vicdanın və Vətən ruhunun əbədiyyətini təsdiqləyən böyük sənətkarın ömür yoluna nəzər salmağa aparır.

***

1925-ci ildə Şəki şəhərində dünyaya göz açan Bəxtiyar Mahmud oğlu Vahabzadə hələ gənc yaşlarından Azərbaycan ədəbiyyatına və dilinə sonsuz sevgi ilə bağlı idi. Bu sevgi də onun ədəbi yaradıcılığında da, elmi-pedaqoji fəaliyyətində də hər zaman öndə olub. Bakı Dövlət Universitetində uzun illər müəllim və professor kimi fəaliyyət göstərən Vahabzadə bir tərəfdən gənc nəslə ədəbiyyatı, ana dilini və milli kimliyi sevdirməyə çalışır, digər tərəfdən isə öz poetik yaradıcılığı ilə xalqın ruhunu oyaq saxlayırdı.

Onun poeziyası gənclik duyğuların ifadəsi, insan düşüncəsinin yaşam fəlsəfəsi və vicdanın səsidir. O, “millət”, “Vətən”, “dil”, “vicdan”, “azadlıq” kimi anlayışları poeziyanın mərkəzinə gətirərək sözə yeni mənəvi ölçü qazandırdı.

O, sözünün geniş və işıqlı dünyası ilə hər bir oxucunun ruhuna yol tapan şair idi: düşüncə dərinliyi axtaran üçün fəlsəfi, Vətən həsrəti daşıyan üçün vətənpərvər, sevgi duyğusunun sevincini, əzabını ürəyində daşıyanlar üçün isə həzin və təsirli bir məhəbbət şairi idi. Bu səbəbdən də onun qələmi bütün nəsillərin qəlbinə xitab edir.

“Gülüstan” poemasında şair bölünmüş Azərbaycanın dərdini, bir xalqın yarısını itirməsinin faciəsini poetik dillə ifadə edən şair həm iki yerə bölünmüş torpağın, həm də yarıya bölünmüş ruhun ağrısını göstərmişdi. Poema Azərbaycan ədəbiyyatında milli şüurun yenidən dirçəlişinin başlanğıcı oldu. Şairin “Ana dili”, “Fəryad”, “Şəhidlər” kimi şeirləri isə azadlıq ideyalarını, milli oyanışı və insanın mənəvi bütövlüyünü ifadə edən bədii manifestlərə çevrildi.

Bəxtiyar Vahabzadə Vətəni sevməyi həm torpağa bağlılıq kimi, həm onun ağrısını duymaq, onu qorumaq, onun gələcəyi üçün düşünmək kimi izah edirdi. Onun üçün Vətən sevgisi mücərrəd hiss deyil, konkret məsuliyyət idi:

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,

Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.

Sənin öz dövlətin, öz millətin, öz cəddin var,

Vətən uğrunda ölənlər ölümündən doğular...

– deyirdi şair. Onun poeziyası həm də dilin və kimliyin qorunması uğrunda mübarizənin bədii ifadəsidir. “Ana dili” şeirində Vahabzadə dilin xalq üçün ünsiyyət vasitəsi olmaqla yanaşı, milli yaddaşın və azadlıq simvolunun təcəssümü olduğunu göstərir. O, dilə münasibətdə bir əxlaqi məsuliyyət formalaşdırırdı. Onun üçün dilini itirən millət yaddaşını, tarixini və mənliyini itirir.

Bəxtiyar Vahabzadənin poetik dünyası həm də insanın mənəvi təmizliyi və vicdan azadlığı ideyalarına əsaslanır. “Vicdan” əsərində o, insanı öz vicdanı qarşısında hesabat verməyə çağırır, cəmiyyətin mənəvi sarsıntılarını açıq şəkildə göstərirdi:

Vicdan şahidliyi! Könüllü dustaq!

Özündən könüllü intiqam almaq!

Şairin məqsədi dağıtmaq, nifrət oyatmaq deyil, insanı düşünməyə və oyanmağa çağırmaq idi.

Vahabzadə poeziyasının ən güclü tərəflərindən biri fəlsəfi dərinliyidir. Onun poetik düşüncəsi klassik ənənələrə söykənir: Füzulinin dərd fəlsəfəsi, Nəsiminin varlıq anlayışı, Sabirin ictimai tənqidi Vahabzadənin yaradıcılığında müasir dövrün reallığı ilə sintez olunur.

Bəxtiyar Vahabzadə 1990-ci illərin əvvəllərində milli azadlıq hərəkatının və Azərbaycanın müstəqilliyə doğru yolunun öncüllərindən, parlament tribunasından xalqın haqq səsini ucaldan ziyalılardan biri idi. Onun çıxışları və məqalələri xalqın düşüncə istiqamətini formalaşdırır, sözün ictimai gücünü bir daha sübut edirdi.

Ümummilli lider Heydər Əliyev Xalq şairi Bəxtiyar Vahabzadəyə 75 illik yubileyi münasibətilə təbrik məktubunda onun dərin məzmunlu əsərlərilə adını Azərbaycan ədəbiyyatına əbədi həkk elədiyini bildirərək, şairin vətəndaşlıq mövqeyini yüksək qiymətləndirmişdi: “Vətənlə, xalqla, ana dilimizlə qırılmaz tellərlə bağlı olan hər bir misranızdakı hikmət ölkəmizin müstəqilliyi uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynamış və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bir örnək olmuşdur. Siz yüksək ideallar tərənnüm edən poeziyanızla millətin birliyinə, ləyaqətinə ehtiram hissləri aşılamış və onların təntənəsi uğrunda səbrlə, yorulmadan, ardıcıl mübarizə aparmısınız.”

Bu ifadə sadəcə tərif deyil, dərin bir həqiqətin təsdiqidir. Çünki Vahabzadə hər dövrdə vicdanlı düşünməyin, milli marağı şəxsi maraqdan üstün tutmağın simvolu idi, millətin mənəvi yaddaşını daşıyırdı.

Bu gün müstəqil Azərbaycan dövləti var və onun gəncləri azad düşüncə ilə yetişir. Bu azadlığın mənəvi dayaqları məhz o ziyalıların – Bəxtiyar Vahabzadə kimi söz qəhrəmanlarının yaradıcılığında formalaşıb. Onun ideyaları bu gün də aktuallığını qoruyur. Qloballaşmanın, informasiya selinin və mədəni təsirlərin gücləndiyi bir zamanda Vahabzadə poeziyası bizə mənəviyyatın itirilməməsi üçün dirəniş nümunəsi təqdim edir. O, müasir gəncliyə səssiz bir müraciət buraxmış kimi görünür: “Texnologiya ilə silahlan, amma vicdanını itirmə; qloballaş, amma kökünü unutma; azad ol, amma mənəviyyatsız olma!” – bu çağırış XXI əsr üçün də dəyərlidir. Çünki Vahabzadənin sözü zamansızdır, o, dövrləri aşan bir ruha malikdir.

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi Azərbaycan ədəbiyyatının zəngin ənənələrinin davamı kimi həm də xalqın mənəvi özünüdərkinin bayramıdır. Bu yubiley bizə bir daha xatırladır ki, söz gücdür, amma yalnız vicdanla deyilmiş söz qalıcıdır. Bəxtiyar Vahabzadənin irsi məhz bu mənəvi gücün simvolu, milli poeziyamızın, ictimai düşüncəmizin və vətəndaşlıq əxlaqımızın ayrılmaz hissəsidir. O bizi daim düşünməyə, dəyişməyə, lakin mənəvi köklərimizdən uzaqlaşmamağa çağırır, çünki poeziyanın və Vətən sevgisinin birləşdiyi nöqtədə dayanır. Onun poeziyası Azərbaycan xalqının yaddaşında yaşayacaq, yeni nəsillərin ruhunda mənəvi qürurun və Vətən sevgisinin alovunu yandıracaq.

Ruhu şad, sözü əbədi olsun!

Jalə Zeynalova     

Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşı