Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyətinin görkəmli simalarından olan Əhməd Ağdamskinin (Əhməd Bədəlbəyli; 1884– 1954) irsinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Tanınmış opera müğənnisi, xanəndə-aktyor, teatr xadimi, pedaqoq Əhməd Bədəlbəyli zəngin fəaliyyəti ilə adını Azərbaycan incəsənəti tarixinə əbədi yazıb. Milli dram və musiqili teatrın formalaşdığı və azərbaycanlı aktrisaların olmadığı dövrdə tamaşalarda yalnız kişilər iştirak edirdilər. Üzeyir bəyin xalası oğlu Əhməd Ağdamski də dahi bəstəkarın dəvəti ilə 1908-ci ildə Leyli rolunun ilk ifaçı oldu. Onun səmimiyyət və nəcibliklə seçilən ifaları tez bir zamanda tamaşaçıların rəğbətini qazandı. Dövrün qəzetlərində, tamaşaların proqramlarında Leyli rolunu ifa edən şəxs kimi “Miri” adlı birini göstərirlər. Ancaq sonradan Əhməd Bədəlbəyli “Ağdamski” təxəllüsünü götürərək şəxsiyyətini aşkar edir.
“Leyli və Məcnun”da Leyli rolu ilə yanaşı, o, “Əsli və Kərəm”də Əsli, “O olmasın, bu olsun”da Gülnaz, “Arşın mal alan”da Gülçöhrə, “Ər və arvad”da Minnət xanım, “Rüstəm və Zöhrab”da Təhminə və “Şah Abbas və Xurşidbanu”da Xurşidbanu rollarını ifa edib.
Sənətkar 20-ci illərdə Qarabağa qayıdaraq, Ağdamda teatr truppası yaradıb. O, bir çox tamaşaların rejissoru olmaqla yanaşı, həm musiqili, həm də dram əsərlərində bir xanəndə-aktyor kimi də çıxış edib. 1934-cü ildə Ağdaşa köçüb və orada ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olub. 1943-cü ildə ona “Azərbaycanın Əməkdar incəsənət xadimi” adı verilib.
BMM-də Əhməd Ağdamskinin xatirəsinə həsr olunan konsert proqramının əsasını bu il 140 illik yubileyi qeyd olunan Üzeyir Hacıbəylinin ölməz əsərləri təşkil edib.
Tofiq Şıxıyev və Məryəm Məmmədovanın ifasında “Leyli və Məcnun” operasından “Şəbi-Hicran” proloq xoru səsləndirilib. Əməkdar artistlər Arzu Əliyeva və Elnur Zeynalov operadan “Şam səhnəsi”ni təqdim etdilər. Aydan Quliyeva və Əməkdar artist Tural Ağasiyev “Arşın mal alan” musiqili komediyasından duet, vokalçı Günel Hacıyeva isə “Aşiq oldum” mahnısını ifa edib.
Xalq artisti Gülyaz Məmədovanln ifasında “Şur təsviri" muğamı və “Gülə-gülə” mahnısı, Aytən Məhərrəmovanın ifasında “Gözünə qurban” mahnısı, Afaq Ağayevanın ifasında isə “Bayatı-Şiraz” muğamı səslənib.
Musiqili axşamın sonunda tamaşaçılar xanəndə Müttəlim Dəmirovun ifasında “Heyratı” zərbi-muğamı və “Humayun” təsnifini, Xəyal Hüseynovun səsində “Çahargah” təsnifini dinləyərək zövq alıblar.
Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev tərəfindən tərtib olunan tədbirdə ifaçıları Əməkdar artist Toğrul Əsədullayev (kamança), Rüstəm Müslümov (tar), Maxta Məhəmmədəlizadə (kanon), Rafael Əsgərov (balaban), Siyavuş Kərimov (nağara) və Xanış Binyatov (qoşa nağara) müşayiət diblər.
Tamaşaçılar sənətçiləri və musiqiçiləri sürəkli alqışlarla mükafatlandırıblar.
























