Dekabrın 5-də Laçın rayonunun erməni işğalından azad edilməsinin beşinci ildönümü tamam olur.

2020-ci ilin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, işğalçı Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən, dekabrın 1-də erməni hərbi birləşmələri Laçın rayonunun ərazisini tərk etdi. Həmin gün Azərbaycan Ordusunun hissələri Laçın ərazisinə daxil oldular.

Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Daha bir rayon bir güllə atılmadan, bir şəhid vermədən və öz əzəli sahibinin nəzarətinə keçdi.

Bununla belə, Laçın şəhərinə, eləcə də, Zabux və Sus kəndlərinə bölgədə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları nəzarət edirdi. 2022-ci ilin avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini də nəzarətə götürdü.

Həmin il sentyabrın 21-də Prezident, Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycanın bayrağını ucaltdı.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncam ilə 26 avqust Laçın Şəhəri Günü elan olunub.

*** 

Ümumilikdə 127 yaşayış məntəqəsindən ibarət olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl rayonda 65 min nəfər əhali yaşayırdı.

İşğal illərində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalat müəssisəsi talan və məhv edilib. Rayonda mövcud olmuş 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə dağıdılıb. Onların sırasında VI əsrə aid Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq da var.

İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi məhv edilib. 240 hektar ərazisi olan Qaragöl Dövlət Təbiət Qoruğu və 20 min hektar ərazisi olan Laçın Dövlət Təbiət Yasaqlığına işğal dövründə çox böyük ziyan vurulub.

*** 

İşğaldan azad edildikdən sonra rayon ərazisində möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilir, böyük tikinti-abadlıq işləri aparılır. Laçına həyat yenidən qayıdır. Prezident İlham Əliyevin rayona hər səfəri bu quruculuğun nişanələri ilə yadda qalır.

Laçınlı keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq dədə-baba yurdlarına qayıdırlar.

Laçın şəhərinə ilk köç 2023-cü ilin may ayında başlanıb. Bundan başqa, rayonun Zabux və Sus kəndləri, 2025-ci ildə isə Bəylik kəndi də öz sakinlərini qəbul edib.