Mayın 13-də Nizami Kino Mərkəzində 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirilib. Festival Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC tərəfindən təşkil olunub.
Builki festival “Dəniz” mövzusuna həsr edilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev festivalın 9-cu dəfə keçirildiyini və davamlı dəstək gördüyünü vurğulayıb. O, təşkilatçılara və tərəfdaşlara təşəkkürünü bildirib, həmçinin qeyd edib ki, festival çərçivəsində xarici qonaqların iştirakı ilə peşəkar vörkşoplar təşkil olunacaq. Onun sözlərinə görə, bu təşəbbüslər yerli animasiya mühitinin inkişafına mühüm töhfə verir.
R.Ağamalıyev əlavə edib ki, animasiya sahəsi ölkədə sürətlə inkişaf edir. Festival müddətində tamaşaçılar müsabiqə və qeyri-müsabiqə proqramları ilə tanış olacaq, həmçinin əcnəbi müəlliflərlə görüşərək təcrübə mübadiləsi aparacaqlar.
Rejissor-multiplikator Elçin Hami Axundov belə festivalların animasiya sahəsinin inkişafına mühüm töhfə verdiyini bildirərək təşkilatçılara təşəkkür edib.
ARKA-nın baş direktoru Rəşad Əzizov animasiyanın insanlara müsbət emosiyalar bəxş edən, düşündürən və sevindirən mühüm yaradıcılıq sahəsi olduğunu deyib. O vurğulayıb ki, animasiyanın əsas auditoriyası uşaqlardır və bu istiqamətdə görülən işlər xüsusi əhəmiyyət daşıyır.
Daha sonra “İsi və Piti” uşaq animasiya serialının və “Yulaf dönərgə” qısametrajlı animasiya filminin premyerası olub.
Mayın 17-dək davam edəcək festival çərçivəsində tədbirlər Nizami Kino Mərkəzi ilə yanaşı, “Suraxanı” gəmi-muzeyi və “Fluxus Space” qalereyasında keçiriləcək.
Bu il festivalın coğrafiyası daha da genişlənib və 60-dan çox ölkədən 437 animasiya filmi təqdim olunub. Rəsmi müsabiqə proqramına isə 20 ölkəni təmsil edən 31 film daxil edilib.
Xatırladaq ki, “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.






















