Gəncədəki Nizami Gəncəvi Muzeyində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan-Türk bədii təfəkkürünün zirvəsi – Nizami Gəncəvi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, əl işlərindən ibarət sərgi və muzeyə baxış keçiriblər. Sağlamlıq imkanları məhdud uşaqlardan ibarət “Günəş” qrupunun ifasında rəqs nömrəsi təqdim olunub.

Tədbir muzeyin konfrans zalında davam edib. Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev tədbir haqqında qısa məlumat verib.

Gəncə Şəhər İcra Hakimiyyətinin Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, professor Həsənbala Sadıqov, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, tarix üzrə fəlsəfə doktorları Səidə İsmayılzadə, Nurlana Həmzəyeva və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun elmi işçisi Vəfa Əliyeva çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Ulu öndər Heydər Əliyev dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri, bəşər düşüncəsinin qüdrətli söz ustadı Nizami Gəncəvinin zəngin irsinin sistemli şəkildə araşdırılması, qorunması və dünyaya tanıdılması üçün xüsusi diqqət göstərib, bu sahədə mühüm dövlət siyasətinin əsasını qoyub. Həmin siyasətin davamı olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Nizami irsinin beynəlxalq səviyyədə tanıdılması yeni mərhələyə yüksəlib.

Vurğulanıb ki, Nizami Gəncəvi irsi xalqımızın milli sərvətidir. Biz fəxr edirik ki, bu dünya dahisinin adı Gəncə şəhəri ilə, Azərbaycan torpağı ilə bağlıdır. Onun yaradıcılığı gənc nəslin mənəvi tərbiyəsində, humanist dəyərlərin aşılanmasında, elmə və biliklərə marağın artırılmasında mühüm rol oynayır.

Tədbirdə fərqlənən bir qrup şəxsə təşəkkürnamə təqdim olunub.

Sonda Gəncə şəhər Uşaq incəsənət məktəbi və Bülbül adına 3 nömrəli Musiqi məktəbinin kollektivi Nizaminin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.