Azərbaycanın zəngin mədəni irsini, tarixi keçmişini və müstəqil dövlət kimi çağdaş inkişafını müxtəlif dillərdə dünyaya tanıdan “İRS” beynəlxalq jurnalı və eyniadlı nəşriyyat evi 2012-ci ildən bu missiyanı “İRS” seriyasından tematik kitablarla da həyata keçirir. “PAŞA Həyat” sığorta şirkətinin dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə reallaşan layihə üzrə indiyədək bu silsilədən 30-dan çox kitab ərsəyə gəlib.
Noyabrın 27-də “İRS” seriyası çərçivəsində iki yeni nəşrin – “Tükənməz xəzinə” və “Azərbaycan: yeni era” kitablarının təqdimatı oldu.
Tədbirdə həmçinin “İRS” kolleksiyasından öncəki illərdə işıq üzü görən nəfis tərtibatlı kitablar, o cümlədən bu il dörd dildə (Azərbaycan, ingilis, rus, türk) çap edilən və Bakıda, Parisdə, Ankarada təqdimatları keçirilən “Daşları toplamaq zamanıdır” (Qərbi Azərbaycanın maddi mədəni irsi), eləcə də “Sirlər xəzinəsi” (Nizami Gəncəvinin əsərlərinə çəkilən miniatürlər) kitabları da qonaqlara təqdim olundu.
Təqdimatda çıxış edən “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı bildirdi ki, layihə çərçivəsində kitablar tədqiqatçı-müəlliflər, müxtəlif dillər üzrə tərcüməçi və redaktorlar, fotoqraf və dizaynerlər daxil olmaqla peşəkar komandanın zəhməti ilə hazırlanır və artıq 13 ildir ki, “PAŞA Həyat”ın dəstəyi ilə işıq üzü görür. Nəşrlər yüksək poliqrafik keyfiyyəti, məzmunu ilə seçilir və Azərbaycanı beynəlxalq kitab aləmində layiqincə təmsil etməklə yanaşı, ölkəmizin dünyada tanıdılmasına töhfə verir.
“Azərbaycan: yeni era” kitabından danışan baş redaktor vurğuladı ki, nəşrdə ölkəmizin son 25–30 ildə keçdiyi inkişaf yolu, əldə etdiyi nailiyyətlər, bu nailiyyətlərin zirvəsi olan tarixi Zəfərimiz sistemli şəkildə əks olunub. Kitabın məqsədi bu illərdə Azərbaycanda baş vermiş əsas prosesləri işıqlandırmaqdır: qazanılmış qələbələr, iqtisadi göstəricilər, mədəniyyət və təhsil sahələrində inkişaf, eləcə də beynəlxalq arenadakı uğurlar. Nəşrdə “Azərbaycan geosiyasi proseslərin mərkəzində” adlı son fəsli ölkənin artan rolunu rəmzi şəkildə vurğulayır. Həmçinin Azərbaycan ərazilərinin işğaldan azad olunması və həmin torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri haqqında ayrıca bölmədə söhbət açılır.
Təqdimatı keçirilən “Tükənməz xəzinə” kitabı haqqında da məlumat verən Musa Mərcanlı qeyd etdi ki, nəşr Azərbaycanın mədəni irsinə həsr olunub. O irs ki, həqiqətən tükənməz xəzinədir və yeni kitab “İRS” seriyasından bu mövzuda indiyədək işıq üzü görən nəşrlərin həm davamı, həm də onların ümumi məcmusudur.
Baş redaktor nəşrlərin ərsəyə gəlməsinə görə “PAŞA Həyat”a təşəkkürünü bildirərək əlavə etdi ki, bu, özəl sektorun, biznesin mədəniyyətə, elmə dəstəyi baxımından örnək bir fəaliyyətdir.
Mərasimdə çıxış edən “PAŞA Həyat” ASC-nin idarə heyətinin sədri Ülviyyə Cabbarova bildirdi ki, bu kimi layihələrin dəstəklənməsi şirkət üçün təkcə qürur mənbəyi deyil, həm də mənəvi məsuliyyətinin vacib bir hissəsidir. Onun sözlərinə görə, belə kitabların nəşrinə dəstək göstərməklə “PAŞA Həyat” Azərbaycanın tarixinə və zəngin keçmişinə hörmət nümayiş etdirir, həmçinin gələcək nəsillər qarşısında mənəvi borcunu yerinə yetirir.
“İrs” nəşrlərinin bir neçə dildə olmasının xüsusi əhəmiyyətini vurğulayan Ülviyyə Cabbarova qeyd etdi ki, bu, Azərbaycanın tarixini və mədəniyyətini xaricdə təqdim etmək və onu geniş beynəlxalq auditoriyaya çatdırmaq üçün unikal imkandır. O, layihəyə göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə etdi, “İRS” Nəşriyyat Evini və bütün kollektivi təbrik edərək onlara mühüm və nəcib fəaliyyətlərində uğurlar arzuladı.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov da çıxışında “İrs” seriyasından nəşrlərin Azərbaycanın tarixinin və bu gününün, mədəni zənginliyinin təbliği, dünyada tanıdılması baxımından əhəmiyyətini vurğuladı. Bu seriyadan kitabların Mədəniyyət Nazirliyinin dəstəyi ilə beynəlxalq kitab sərgilərində təqdim edildiyini deyən Fərid Cəfərov əmin olduğunu bildirdi ki, bu gün təqdimatı keçirilən kitablar da yaxın illərdə beynəlxalq sərgilərdə və elmi forumlarda layiqli yer tutacaq, Azərbaycan irsinin dünyada tanıdılması və mədəni diplomatiyanın gücləndirilməsi üçün mühüm vasitələrə çevriləcək.
Təqdimatda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirdi ki, “Azərbaycan: yeni era” kitabı təkcə mühüm elmi əsər kimi deyil, həm də Azərbaycanın suverenliyi və müstəqil dövlətçiliyinə hörmətin ifadəsi kimi qiymətləndirilməlidir. Nəşr ölkəmizin müstəqillik dövründə keçdiyi yolu, nailiyyətləri, Qarabağdakı tarixi Qələbəni və Böyük Qayıdış proseslərini əks etdirməklə yanaşı, bir növ “İrs” silsiləsindən indiyədək çap olunmuş kitabların ümumi yekunu və ölkəmizin gələcəyinə baxışdır.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “İrs” silsiləsindən nəşrlərin məzmun özəlliyinə diqqət çəkərək, hər bir mövzunun dərindən, eyni zamanda yığcam və oxunaqlı şəkildə əhatə edildiyini vurğuladı. Rektor bu nəşrlərdən universitetdə tədris-tədqiqat sahəsində bəhrələndiklərini, kitablardakı mövzuların magistr tələbələrə tədqiqat üçün tövsiyə edildiyini, BDU-da Mədəni irs tədqiqatları mərkəzi yaratdıqlarını da diqqətə çatdırdı.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev təqdim edilən nəşrlərin Azərbaycanın elmi və mədəni mühitinə töhfəsini vurğuladı. Qeyd etdi ki, çağdaş zamanda mədəniyyət diplomatiyası, elm diplomatiyası mühüm önəm kəsb edir və dünyanın müxtəlif ölkələrində, o cümlədən aparıcı kitab sərgilərində təqdim olunan “İrs” nəşrləri bu missiyanın öhdəsindən layiqincə gəlir.
“İRS” nəşrlərinin öncəki təqdimatları kimi, budəfəki tədbir də maraqlı bədii proqram, çıxışlar arasında səslənən musiqi nömrələri ilə yadda qaldı.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevin tərtib etdiyi proqramda xanəndələr Ayşən Mehdiyeva (“Mənim Azərbaycanım”; söz: İsmayıl Dadaşov, bəstə: Əlibaba Məmmədov), Məhəbbət Səfərov (“El yolunda”; söz: Hafiz Baxış musiqi: Ələkbər Tağıyev), Aydan Quliyeva (“Azərbaycan elləri”; söz: Mirvarid Dilbazi, musiqi: Fikrət Əmirov) və Xəyal Hüseynov (“Azərbaycan oğluyam”; söz: Hafiz Baxış, musiqi: Ələkbər Tağıyev) tədbirə rəng qatdılar. Proqram xanəndələrin birgə ifasında “Mehriban olaq” mahnısı (söz: İsgəndər Coşqun, musiqi: Şəfiqə Axundova) ilə başa çatdı.
Vüqar Orxan



























