Tarixdəki olaylar
27 noyabr 1988 – Ermənistan SSR-nin Qafan, Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlı əhalini deportasiya etmək üçün terror və qətllər başlayıb. Üç gün ərzində erməni silahlı dəstələri tərəfindən 30-dan çox azərbaycanlı qətlə yetirilib. Bu hadisədən sonra Ermənistandakı azərbaycanlı əhalinin kütləvi köçü daha da sürətləndi.
27 noyabr 1991 – Dağılmaqda olan Sovet İttifaqının sonuncu mərkəzi orqanı – SSRİ Dövlət Şurası Dağlıq Qarabağ münaqişəsinə dair qərar qəbul edib. Qərarın adı onun mahiyyətindən xəbər verirdi: "DQMV-də, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının sərhədyanı rayonlarında vəziyyəti sabitləşdirmək tədbirləri haqqında". Sənəddə Dağlıq Qarabağ ayrıca ərazi subyekti kimi göstərilmiş və onun Azərbaycanın ərazisi olduğu qeyd olunmamışdı. Bu, 1989-cu ilin yanvarında Dağlıq Qarabağ Muxtar Vilayəti xüsusi idarəetmə forması ilə Moskvanın nəzarətinə veriləndən sonra ittifaq orqanları tərəfindən qəbul edilən qərarların davamı idi. SSRİ Dövlət Şurası Ermənistandan Dağlıq Qarabağın ilhaqı haqqında qərarı (1 dekabr 1989) ləğv etməyi tələb etsə də, Yerevan bunu qulaqardına vurdu.
27 noyabr 1992 – Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlər qurulub. Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımışdı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
27 noyabr 1870 – Məşhur şərqşünas, maarifçi Mirzə Kazım bəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 22.6.1802 –1870) vəfat edib. Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
27 noyabr 1912 – Xalq artisti, aktyor və rejissor İsa Həsən oğlu Musayev (1912 – 8.2.1976) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.
27 noyabr 1919 – Əməkdar incəsənət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919 – 16.1.1998) anadan olub. “Gülmək cana faydadır”, “Qarğa, məndə göz var” və s. komediyaların, yumoristik hekayələrin müəllifidir.
27 noyabr 1934 – Əməkdar incəsənət xadimi, dirijor Kazım Ağalar oğlu Əliverdibəyov (1934 – 19.12.2022) Bakıda anadan olub. Opera və Balet Teatrında işləyib. Bakı Musiqi Akademiyasının professorudur, Türkiyədə (İzmir Konservatoriyası) dərs deyib.
27 noyabr 1940 – Çin (Honkonq) aktyoru, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee; 1940 – 20.7.1973) anadan olub.
27 noyabr 1942 – Amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix – James Marshall Hendrix; 1942 – 18.9.1970) anadan olub.
27 noyabr 1945 – Əməkdar rəssam, heykəltəraş Namiq Əbdülxaliq oğlu Dadaşov (1945 – 7.10.2021) Bakıda anadan olub. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.
27 noyabr 1953 – Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O’Neill; 16.10.1888 – 1953) vəfat edib.
27 noyabr 2015 – Görkəmli dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1.5.1936 – 2015) vəfat edib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.
Hazırladı: Vüqar Orxan

























