Noyabrın 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) rejissor, telejurnalist, AKİ idarə heyətinin üzvü Kamran Qasımovun “Küldə şərqi deyənlər” (“Singers in the ashers”) sənədli filminin təqdimat mərasimi keçirilib.

Ekran işi bu ilin yanvarında ABŞ-nin Los-Anceles şəhərində (Kaliforniya ştatı) baş vermiş və bir çox ünlü insanların, Hollivud ulduzlarının da mülklərini külə çevirmiş dəhşətli meşə yanğınlarından bəhs edir.

Xronometrajı 28 dəqiqə olan sənədli film “Real” telekanalının hadisə yerindən reportajları (müəllif Kamran Qasımov), “Fox” telekanalının (ABŞ) materialları, eləcə də Kamran Qasımovun şəxsi arxivi əsasında hazırlanıb.  

Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə keçən nümayişdən öncə Kamran Qasımov xüsusi reportajlar hazırladığı Los-Anceles yanğınları, filmin ideyası və ərsəyə gəlməsi haqqında danışıb.

Filmdə yanğından əziyyət çəkən insanlar, yanğınsöndürənlər, eləcə də Los-Anceles merinin müsahibələri də yer alıb.

Nümayişdən sonra çıxış edənlər filmlə bağlı təəssürat və fikirlərini bölüşüblər.

Film Azər Əsgərovun dəstəyi ilə “Azernyumedia” şirkətində istehsal olunub.