Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov ilə Türkiyə Dövlət Opera və Balet Teatrının baş direktoru Tan Sağtürk arasında işgüzar görüş keçirilib.

Bu barədə Akademik Opera və Balet Teatrı məlumat yayıb.

Görüş zamanı iki qardaş ölkə teatrları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətraflı müzakirə olunub. Yaradıcılıq əlaqələrinin daha da dərinləşdirilməsi və müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Tərəflər gələcək birgə layihələr, qarşılıqlı qastrol proqramların hazırlanması, solistlərin və yaradıcı kollektivlərin mübadiləsi, habelə hər iki teatrda mütəxəssislər tərəfindən ustad dərslərin təşkili ilə bağlı razılığa gəliblər.