Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində (BMM) tanınmış klarnet ifaçısı Əşrəf Əşrəfzadənin (1940–1973) 85 illik yubileyinə həsr olunan gecə keçirilib.

Tədbirdə Əşrəf Əşrəfzadənin həyat və yaradıcılığından söz açılıb, konsert proqramı təqdim olunub.

Unudulmaz ifaçı haqqında filmdən kadrlarla başlayan gecədə ilk olaraq BMM-nin direktoru Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə çıxış edib. O, BMM-də instrumental ifaçılıqla bağlı keçirilən layihələrdən bəhs edərək bildirib ki, klarnet ifaçılığı musiqimizin zəngin çalarlarını özündə əks etdirir. Bu aləti xalqa sevdirən sənətkarlardan biri də Əşrəf Əşrəfzadədir. Nəfəs alətləri ifaçılığında Əşfər Əşrəfzadənin öz dəst-xətti olub. Bir şəxsiyyət və ifaçı kimi onun adı bu gün də dərin ehtiramla yad edilir.

Əməkdar incəsənət xadimləri Arif Əsədullayev, Çingiz Abbasov, AMK-nın professoru Abbasqulu Nəcəfzadə, Əməkdar artist Zakir Mirzəyev, Qarabağ Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyev, etnoqraf alim Təvəkkül Səlimov, nağara ifaçısı Rafiq Qurbanov sənətkar haqqında xatirələrini bölüşüblər.

Əşrəf Əşrəfzadənin ailə üzvləri adından Altay Mansurov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Gecədə Azərbaycanın Əməkdar artisti, Dağıstanın Xalq artisti Şərbət Rzaquliyev, Əməkdar artist Akif Qürbətov, tanınmış ifaçılar Qulammirzə Mirzəyev, Aydın Əliyev, Hakim Abdullayev, Dilavər Məmmədov, Yengibar Abdurəhmanov, Şəmsi Məmmədov, İslam Əliyev, Hüseyn Məhəmmədoğlu və Seymur Kərimov oynaq rəqs havalarını, Əşrəf Əşrəfzadənin repertuarından bu gün də məşhur olan kompozisiyaları səsləndiriblər.

İfaçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblı müşayiət edib.