Tarixdəki olaylar

 

26 noyabr 1917 – Rusiya imperiyası ərazisində çar monarxiyasının süqutundan (Fevral inqilabı) sonra Müvəqqəti Hökumətin elan etdiyi parlamentə – Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirilib. Cənubi Qafqazda 15 partiyanın qatıldığı seçkidə ermənilər arasında “Daşnaksütyün”, müsəlman-azərbaycanlı əhali arasında “Müsavat”, gürcülər arasında Menşevik partiyaları üstünlük (ümumilikdə 73 faiz) qazanıb. İmperiyanın mərkəzində hakimiyyəti ələ keçirmiş (Oktyabr inqilabından sonra) bolşeviklər Cənubi Qafqaz üzrə cəmi 4,4 faiz, Bakıda 20 faiz səs toplayıblar. Ümümrusiya miqyasında da umduqları nəticəni əldə edə bilməyən bolşeviklər Müəssislər Məclisinin çağırılmasına imkan vermədilər. Nəticədə Cənubi Qafqazdan seçilmiş deputatlar (o cümlədən 44 azərbaycanlı deputat) Zaqafqaziya Seymini (fevral 1918) təşkil etdilər.

 

26 noyabr 1924 – Monqolustan Xalq Respublikasının yarandığı elan edilib. Monqolustan Xalq Xuralı (nümayəndələr məclisi) ölkənin ilk Konstitusiyasını qəbul edib.

 

26 noyabr 1991 – Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərar qəbul edib. Qərar ermənilərin vilayətdə qondarma dövlət – “Dağlıq Qarbağ Respublikası" yaratmaq qərarına (2 sentyabr 1991) cavab olaraq qəbul edilmişdi. Ali Sovet keçmiş DQMV-nin mərkəzi Stepanakert şəhərinin adının dəyişdirilərək Xankəndi adının bərpa olunması, habelə Mardakert və Martuninin tarixi adlarının (Ağdərə və Xocavənd) bərpası barədə qanun qəbul edib. Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun ərazisi Xocavənd rayonunun tərkibinə, Əsgəranın ərazisi yeni yaradılan Xocalı rayonunun tərkibinə daxil edilib.

 

26 noyabr 1991 – Ali Sovetin iclasında həmçinin parlamentin daimi fəaliyyət göstərəcək orqanının – Milli Şuranın yaradılması barədə qərar qəbul edilib. 50 nəfərlik Milli Şura müxalifət və iqtidar (“demblok” və “komblok”) deputatlarından paritet əsasda (25-25) formalaşmışdı. 1992-ci ilin mayından Milli Məclis adlanan qanunverici orqan 1995-ci ilədək Ali Sovetin funksiyasını yerinə yetirdi.

 

26 noyabr 1991 – Azərbaycanda ilk müstəqil telekanal – ANS TV (Azerbaijan News Service) fəaliyyətə başlayıb. Telekanal 2016-cı ilədək fəaliyyət göstərib.

 

26 noyabr 2014 – UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən sessiyasında Azərbaycanın kəlağayı sənəti “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

26 noyabr 1857 – İsveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure; 1857 – 22.3.1913) anadan olub.

 

26 noyabr 1909 – Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene İonesco; 1909 – 28.3.1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.

 

26 noyabr 1927 – Dilçi-türkoloq, professor, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927 – 25.2.2015) Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub.

 

26 noyabr 1928 – Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928 – 11.12.1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

 

26 noyabr 1937 – Şair, aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (1872–1937) repressiya edilərək güllələnib. Ağsu rayonunda Qəşəd kəndində anadan olub.

 

26 noyabr 1939 – Amerika müğənnisi, aktrisa Tina Terner (Tina Turner – əsl adı Anna Mae Bullock; 1939 – 24.5.2023) anadan olub. Dəfələrlə “Qremmi” mükafatına layiq görülüb. Ömrünün son illərində İsveçrə vətəndaşlığı alaraq bu ölkədə yaşayıb.

 

26 noyabr 2024 – Azərbaycanın Xalq artisti, violonçel ifaçısı, pedaqoq Rasi Mahmud oğlu Abdullayev (6.7.1944 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan