Noyabrın 24-də Milli Kitabxanada Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin 60 illiyi ilə əlaqədar nəşr olunan “Qala adam” kitabının və “Rəşad Məcid - 60” elektron məlumat bazasının təqdimatı keçirilib.

Bu barədə Milli Kitabxanadan məlumat verilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək Rəşad Məcidin zəngin yaradıcılıq yolu olduğunu söyləyib, “Qala adam” kitabının da onun son illərə aid yaradıcılığnı əks etdirdiyini vurğulayıb. Qeyd edib ki, Rəşad Məcidin 1992-ci ildə yaratdığı “525-ci qəzet” hazırda da Azərbaycan mətbuatında, eyni zamanda Azərbaycan mədəniyyətində önəmli yer tutur. O, Rəşad Məcidi bir jurnalist, ictimai xadim, xalqına bağlı bir şəxsiyyət kimi yüksək qiymətləndirib.

Sonra Milli Kitabxananın hazırladığı “Rəşad Məcid - 60” elektron məlumat bazasının təqdimaı olub. Bazada materiallar barədə məlumat verilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar tədbirin keçirilməsinə və elektron məlumat bazasının hazırlanmasına görə Milli Kitabxanaya təşəkkürünü bildirib. Qeyd edib ki, Rəşad Məcid çox pozitiv, etibarlı və anlayışlı həmkardır, həm də çox istedadlı şair və publisistdir. Onun publisistik yazıları Mirzə Cəlilin, Üzeyir bəyin publisistikasının davamı kimi xarakterizə oluna bilər. Xalq yazıçısı Rəşad Məcidə yeni yaradıcılıq uğurları arzulayıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcid müasir Azərbaycan müstəqillik dövrünün publisistidir, onun publisistikası ictimai və zamanın çağırışlarına cavab verən publisistikadır.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Rəşad Məcidin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib və onun mədəni fəaliyyətə də dəyər qatdığını qeyd edib.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov deyib ki, Rəşad Məcid daim irəli gedən, yenilikçi və istedadlı şairdir. Onun baş redaktor olduğu “525-ci qəzet” hazırda Azərbaycanda ən çox oxunan qəzetdir, burada mədəniyyət də, tarix də, ədəbiyyat da əksini tapır.

Tədbirdə akademik Nizami Cəfərov, professorlar Cahangir Məmmədli, Qulu Məhərrəmli, Əli Əmirli, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev, Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas,  Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər iştirakçılar Rəşad Məcidin yaradıcılığından söz açaraq, fəaliyyətini yüksək qiymətləndirib,ona uğurlar arzulayıblar.

Sonda Rəşad Məcid bütün iştirakçılara, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın əməkdaşlarına minnətdarlığını bildirib.

Qeyd edək ki, "Qala adam" kitabı (tərtibçi Nadir Yalçın, redaktor Yusif Rzayev) Rəşad Məcidin bədii-publisistik yaradıcılığının ötən beş ilinin (2019-2024) mənzərəsini əhatə edir. Kitabda müəllifin qələmə aldığı esse, məqalə və təəssürat yazıları ilə yanaşı, elm xadimlərinin, qələm adamlarının onun yaradıcılığı barədə düşüncələri, elmi-bədii yanaşmaları da əksini tapıb.