Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Köhnə Gəncə” hissəsində təmizlik işlərinə başlanılıb.

Dövlət Xidmətindən verilən məlumata görə, dünya əhəmiyyətli arxeoloji abidənin ərazisi uzun illər məişət tullantıları ilə çirkləndirilib. Qoruğun “Köhnə Gəncə” hissəsində Orta əsrlərə aid qala divarlarının müxtəlif hissələri, qala bürclərinin qalıqları, Comərdi Qəssab türbəsi və körpü qalıqlarının ətrafına, eləcə də abidələrə aparan yolun kənarlarına böyük həcmdə məişət və təsərrüfat tullantıları atılıb. Bu isə abidələrin mövcudluğu üçün ciddi təhlükə yaradıb.

Qoruq ərazisinin təmizlənməsi və bu kimi neqativ halların qarşısının alınması məqsədilə dəfələrlə tədbirlər görülsə və xəbərdarlıqlar edilsə də, bir müddət sonra, xüsusilə gecə saatlarında eyni hallar yenidən təkrarlanıb.

Hazırda tarixi abidənin ərazisində genişmiqyaslı təmizlik işləri aparılır. Təmizlik zamanı xüsusi texnikalardan istifadə edildiyi nəzərə alınaraq, abidələrin yerləşdiyi sahələrə müdaxilə edilməməsi və mövcud mədəni təbəqələrin qorunub saxlanılması üçün əraziyə AMEA Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri də dəvət olunub. İşlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Təmizlənmiş sahələrdə və ərazidə yerləşən abidələrin üzərinə yeni məlumat lövhələri quraşdırılıb. İşlər tamamlandıqdan sonra arxeoloji tədqiqatların aparılması da planlaşdırılır.