M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr dünya musiqisinin görkəmli nümayəndələrindən biri, rus bəstəkarı Sergey Raxmaninovun (1873–1943) yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Filarmoniyadan bildirilib ki, konsert proqramında bəstəkarın fortepiano üçün məşhur əsərləri səsləndirilib.

Bəstəkarın yaradıcılığının müxtəlif dövrlərinə aid prelüd, etüd-şəkil, musiqi anı, elegiya və variasiyalar dinləyicilərə təqdim olunub. Proqramın zəngin repertuarı Raxmaninov musiqisinin lirizm, dramatizm və virtuozluq kimi əsas xüsusiyyətlərini bir daha üzə çıxarıb.

Konsertdə istedadlı pianoçular Aynur Abdullayeva, Fəqan Həsənli, Aysel Hacızadə, Firuzə Nəcəfli-Qədimalıyeva və Nərgiz Kəngərli çıxış ediblər. Xüsusilə “Korelli mövzusunda variasiyalar”, op.42 və “Altı pyes” silsiləsindən “Barkarolla və Skertso” kimi mürəkkəb kompozisiyalar dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Raxmaninovun musiqisindəki dərin hislər, emosional gərginlik və romantik ovqat auditoriyaya ecazkar sənət aləminə səyahət yaşadıb.