Tarixdəki olaylar

 

24 noyabr 1934 – Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı keçirilib. Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında yaradılan muzeyə tanınmış teatr xadimi Ağakərim Şərifov direktor təyin olunmuşdu. 1935-ci ildə muzeyə böyük dramaturq Cəfər Cаbbаrlının adı verilib.

 

24 noyabr 1934 –Türkiyə Böyük Millət Məclisi Cümhurbaşqanı Qazi Mustafa Kamala Atatürk soyadının verilməsi haqqında qanun qəbul edib.

 

24 noyabr 1995 – Prezident Heydər Əliyevin iştirakı ilə birinci çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda təşkilati məsələyə baxılıb: Rəsul Quliyev Milli Məclisin sədri, Arif Rəhimzadə sədrin 1-ci müavini, Yaşar Əliyev sədr müavini seçiliblər.

 

24 noyabr 2003 – Prezident İlham Əliyev "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman imzalayıb. Bu, İlham Əliyevin dövlət başçısı postunda imzaladığı ilk proqram xarakterli fərman idi.

 

24 noyabr 1995 – Azərbaycan Bruney Sultanlığı ilə diplomatik münasibətlər qurub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

24 noyabr 1632 – Niderland filosofu, rasionalizm cərəyanının tanınmış nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza; 1632 – 21.2.1677) anadan olub.

 

24 noyabr 1934 – Rusiya (alman əsilli) bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934 – 3.8.1998) anadan olub.

 

24 noyabr 1906 – Ədəbiyyatşünas Əli Nazim (Ələkbər Mahmud oğlu Mahmudzadə; 1906 – 23.8.1941) Təbrizdə doğulub. Repressiya qurbanı olub.

 

24 noyabr 1922 – Əməkdar artist, vokalçı Rəhilə Muxtar qızı Cabbarova (1922 – 2.12.2002) Tiflisdə doğulub. Opera və Balet Teatrının solisti olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

 

24 noyabr 1924 – Əməkdar incəsənət xadimi, rəssam Vəcihə Əli qızı Səmədova (1924 – 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.

 

24 noyabr 2001 – Əməkdar incəsənət xadimi, aktyor, sirk ustası Siyavuş Məmməd oğlu Şəfiyev (1.9.1937 – 2001) vəfat edib.

Hazırladı: Vüqar Orxan