Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektoru və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə noyabrın 21-də intellektual yarış keçirilib.

Yarışma Ağstafa rayon A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbində təşkil edilib. “Konstitusiya və Suverenlik İli”nə həsr edilən yarışmada Ağstafa rayonunun 31 ümumtəhsil müəssisəsinin müəllimlərindən ibarət komandalar iştirak edib.

İştirakçılar əvvəlcə “Keşikçidağ” qoruğu ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və qoruğa aid çap məhsullarından ibarət sərgi ilə tanış olublar.

Rayonun icra başçısı Seymur Orucov salamlama nitqində iştirakçılara uğurlar arzulayıb.

Komandalar 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”, Azərbaycan Respublikasının Konstitusiyası, işğaldan azad edilmiş rayonlarda yerləşən abidələr ilə bağlı suallar üzrə yarışıblar.

Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli adına Böyük Kəsik tam orta məktəbinin təmsil olunduğu “Zəngilan” komandası 1-ci, Poylu kənd tam orta məktəbinin təmsil olunduğu “Qarabağ” komandası 2-ci, Poylu qəsəbə tam orta məktəbinin təmsil olunduğu “Qızıl Hacılı” komandası isə 3-cü yerlərə layiq görülüb.