M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun (1935–2006) 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Filarmoniyadan bildirilib ki, konsertdən əvvəl Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov bəstəkarın yaradıcılığı, Azərbaycan musiqisində yeri və milli-mənəvi dəyərlərin təbliğində rolundan bəhs edib.

Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Proqramda Vasif Adıgözəlovun "3 saylı Simfoniya"sı və monumental “Odlar yurdu” oratoriyası səsləndirilib.

Oratoriyanın ifasında Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), solistlər – Selcan Fermor-Hesketh (soprano), Mahir Tağızadə (bariton) və qiraətçi Elşən Rüstəmov (Əməkdar artist) iştirak ediblər.