Tarixdəki olaylar
22 noyabr Azərbaycan ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu günün tarixi 22 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsi ilə bağlıdır.
22 noyabr 1943 – Livan müstəqilliyini elan edib. XVI əsrdən 1918-ci ilədək Osmanlı imperiyasının tərkibində olan Livan daha sonra Fransanın mandatı altına keçmişdi. Müstəqilliyin ilk dövrü Livanda xristian-müsəlman toqquşmaları, 1975–1990-cı illər vətəndaş müharibəsi ilə müşayiət olunub. Konfessiyalararası razılaşmaya görə, ölkədə prezident xristian, baş nazir müsəlman-sünni, parlamentin sədri müsəlman-şiə olmalıdır.
22 noyabr 1949 – Sumqayıt şəhərinin yarandığı gündür. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə burada istilik elektrik stansiyasının tikintisi ilə başlanıb. 40-cı illərdə kimya və metallurgiya zavodlarının təməli qoyulub. Şəhərin tikintisində Sovet İttifaqı respublikalarından inşaatçı dəstələr iştirak edib. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.
22 noyabr 1963 – ABŞ-nin Texas ştatının Dallas şəhərində Prezident Con Fitscerald Kennedi qətlə yetirilib. ABŞ-nin 35-ci prezidenti növbəti seçki kampaniyasında iştirak etmək üçün Dallasa gəlmişdi. Prezidenti üç atəşlə qətlə yetirən ABŞ dəniz piyadası Li Osvald iki gün sonra həbsxanaya aparılarkən Kennedinin pərəstişkarı Cek Rubi tərəfindən öldürüldü.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
22 noyabr 1869 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (André Gide; 1869 – 19.2.1951) anadan olub.
22 noyabr 1916 – Amerika yazıçısı Cek London (Jack London – John Griffith Chaney; 12.1.1876 – 1916) vəfat edib. “Martin İden”, “Dəmir daban”, “Dəniz canavarı” və s. romanların müəllifidir.
22 noyabr 1922 – Azərbaycanın dahi bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922 – 20.2.1984) Gəncədə doğulub. Simfonik muğamlar (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz”), “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. musiqi əsərlərinin müəllifidir. Bəstəkarın “Min bir gecə” baleti dünya musiqi xəzinəsinə daxildir. Filmlərə musiqi yazıb.
22 noyabr 1922 – Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 – 12.12.2007) Bakıda anadan olub. Kitabları: “General”, “Ləpədöyəndə”, “Burulğanlar”, “Çəmbərəkənd balladası” və s.
22 noyabr 1933 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (1933 – 12.7.2006) Şəkidə doğulub. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı” və s. filmlərə quruluş verib.
22 noyabr 1933 – Yazıçı-jurnalist Firudin Balakişi oğlu Ağayev (1933–1995) Lerik rayonunda doğulub. Əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” və s. filmlər çəkilib.
22 noyabr 1938 – Xalq artisti, Dövlət mükafatı laureatı Həsən Ağaməmməd oğlu Məmmədov (1938 – 27.8.2003) Salyan rayonunda anadan olub. “Böyük dayaq”, “Gün keçdi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar qalereyası yaradıb. Akademik Milli Dram Teatrında çalışıb.
22 noyabr 1940 – Müğənni, skripka ifaçısı, Əməkdar incəsənət xadimi, professor Rauf Zülfüqar oğlu Adıgözәlov (1940 – 29.6.2002) anadan olub.
22 noyabr 2012 – Xalq artisti, görkəmli aktyor Yaşar Məmmədsadıq oğlu Nuri (3.9.1951 – 2012) vəfat edib. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, filmlərdə yaddaqalan obrazlar yaradıb.
22 noyabr 2021 – Əməkdar incəsənət xadimi, bəstəkar Asya Baxış qızı Sultanova (16.10.1923 – 2021) vəfat edib. 1950-ci illərdən Moskvada yaşayıb, mahnılarını dövrün məşhur müğənniləri oxuyublar.
Hazırladı: Vüqar Orxan


























